XƏBƏRLƏR
Azərbaycan Universitetinin nümayəndəsi İtaliyada keçirilən beynəlxalq tədbirdə iştirak edir
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Sevlan Qurbanova İtaliyanın Tuscia Universitetində keçirilən “International Staff Week” (Beynəlxalq Həftə) tədbirində iştirak edir. Tədbirin əsas məqsədi universitetlərarası əməkdaşlığın gücləndirilməsi, beynəlxalq təcrübənin paylaşılması və müxtəlif ölkələrdən olan nümayəndələr arasında əlaqələrin qurulmasıdır.
Bir sıra ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirdə Tuscia Universitetinin həyata keçirdiyi layihələr təqdim olunub, ikili diplom proqramları və ali təhsildə beynəlmiləlləşmə mövzusunda müzakirələr aparılıb. Eyni zamanda təhsil və tədqiqat sahəsində ortaq layihələrin əsasının qoyulması imkanları nəzərdən keçirilib.
Sevlan Qurbanova tədbir çərçivəsində təşkil olunan “Women Minding Their Own Business” adlı konfransda da iştirak edib.
Beynəlxalq əlaqələr şöbəsinin nümayəndəsi səfər çərçivəsində Azərbaycan Universitetinin hazırda Tuscia Universitetində ikili diplom proqramı üzrə təhsil alan tələbəsi Rəvan İdrisli ilə də görüşüb. Görüşdə tələbənin təhsil prosesi və dərslərlə bağlı təəssüratları, universitet mühiti barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Universiteti və Tuscia Universiteti arasında 2023-cü ildən MBA proqramının Marketinq ixtisası üzrə beynəlxalq ikili proqramına start verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi