XƏBƏRLƏR
SUN təşkilatının təsisçisi və Baş katibi Sungdon Hwang Azərbaycan Universitetində olub
İpək Yolu Universitetləri Şəbəkəsinin (Silk Road Universities Network /SUN) təsisçisi və Baş katibi, Koreya Respublikasının Xarici Dillər Universitetinin professor Sungdon Hwang Azərbaycan Universitetini ziyarət edib. Səfər çərçivəsində o, universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımov ilə görüşüb. Görüşdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova da iştirak edib.
Mümkün əməkdaşlıq istiqamətlərinin müzakirə edildiyi görüşdə prorektor Yusif Qasımov qonağa Azərbaycan Universiteti haqqında məlumat verib, son bir neçə il ərzində əldə edilmiş uğurları diqqətə çatdırıb. Prorektor Azərbaycan Universitetinin beynəlxalq əlaqələri və bu istiqamətdə qarşıya qoyulan hədəflərdən də bəhs edib.
Qonaq professor Sungdon Hwang isə öz növbəsində İpək Yolu Universitetləri Şəbəkəsi və məqsədləri haqqında məlumat verib. O, bildirib ki, şəbəkə kommersiya məqsədlərindən tamamilə uzaq, akademik və mədəni missiya daşıyan beynəlxalq qeyri-hökumət təşkilatıdır. 2015-ci ildə Cənubi Koreyada yaradılan şəbəkə, tarixi İpək Yolu boyunca yerləşən 28 ölkənin 65 şəhərində fəaliyyət göstərən 87 universiteti birləşdirir. Sungdon Hwang təşkilatın həyata keçirdiyi layihələr, üzv universitetlər və gələcək tədbirlər barədə də məlumat verib.
Görüş qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi