Qaydalar

Abituriyentlərin nəzərinə çatdırırıq ki,

  • Azərbaycan Universitetinə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır.
  • Bütün ixtisaslara Dövlət Sifarişi əsasında (DS) qəbul aparılır.
  • Tədrisi ingilis dilində aparılan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla tədris müddəti 5 ildir. Bu ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.
  • Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul olan və ingilis dili biliyini beynəlxalq səviyyəli IELTS (6.0 və yuxarı), TOEFL (75 və yuxarı), PTE (50 və yuxarı) kimi dil sertifikatları ilə təsdiq edən yaxud daxili yerləşdirmə testindən (Placement Test) uğurla keçən tələbələr birbaşa I kursa başlayırlar.
  • Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin hesabına təqaüd ala bilirlər. Hazırda Azərbaycan Universitetinin bakalavriat pilləsi üzrə 303, magistratura pilləsi üzrə isə 50 olmaqla 353 tələbəsinə Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd təyin olunub. Təqaüd alan tələbələrdən 109-u Dövlət sifarişi əsasında, 244-si isə ödənişli əsaslarla təhsil alır. Bakalavriat səviyyəsi üzrə təqaüdlərin aylıq məbləği 100, 145 və 175 manat olmaqla tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
  • Azərbaycan Universiteti tərəfindən təsis olunan “Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd” birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.
  • Kompüter mühəndisliyi ixtisasının bakalavr hazırlığı Ukrayna Respublikasının Xarkov Milli Radioelektronika Universiteti (XNURE) ilə ikili diplom proqramı əsasında həyata keçirilir. Proqramın müddəti 4 ildir. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edirlər. 
  • Universitet Daxili İki Diplom Proqramı (UDİD) yüksək göstəricilərlə oxuyan tələbələrə əlavə təhsil almaqla 4 ildə 2 ayrı ixtisas üzrə 2 diplom alma imkanı yaradır. Proqrama I kursu bitirmiş, qəbul olduğu ixtisas üzrə nəzərdə tutulan kreditləri qazanan, bu ixtisas üzrə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi 85-100 bal arasında olan tələbələr müraciət edə bilərlər.
  • 600 və yuxarı bal toplayaraq ödənişli əsaslarla qəbul olan tələbələr birinci tədris ili üçün təhsil haqqı ödənişindən tam azaddırlar. İkinci tədris ilindən etibarən cari semestr üzrə orta müvəffəqiyyət göstəricisi 85-94,9 qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən 50%, orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən tam azad olunurlar.
  • 500-599 arası bal toplayaraq ödənişli əsaslarla qəbul olan tələbələrə xüsusi güzəşt tətbiq olunur. Güzəştin növbəti tədris illərində də tətbiqi tələbənin müvəffəqiyyət göstəricilərindən asılıdır.
  • Azərbaycan Universiteti “Erasmus+”, “Mevlana” mübadilə proqramlarının üzvüdür, Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə əməkdaşlıq edir. “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropanın universitetlərində, DAAD proqramı Almaniya universitetlərində bir yaxud iki semestr müddətində təhsil və akademik təcrübə imkanı qazandırır. “Mevlana” proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır.
  • Tələbələrə 4 il ərzində ixtisas diplomu ilə yanaşı kompüter biliyinin beynəlxalq səviyyədə təsdiq edən ECDL (European Computer Driving Licence) və ingilis dili biliyinin beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) sertifikatları verilir.

İmtiyazlı statusda olan tələbələr

  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına,  geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
  • Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
  • I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Daha ətraflı məlumat üçün bizə yaza bilər, yaxud əlaqə saxlaya bilərsiniz.

  • E-poçt: qebul@au.edu.az
  • Tel.: (+99412) 431 41 12/13/16 (133)