XƏBƏRLƏR

Azərbaycan Universitetinin “Brend tələbə”ləri təltif olunub

Azərbaycan Universitetinin “Brend tələbə”ləri təltif olunub

20 oktyabr 2025

Baxış sayı: 164

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində Azərbaycan Universitetinin “Brend tələbə”lər təltif ediliblər. Tədbirdə AzEdu.az Təhsil Portalının baş redaktoru Ləman Novruzova, Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilənova, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Tural Qocayev və bu statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi Lalə Dilənovanın açılış nitqi ilə başlayıb. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib. “Sadəcə akademik göstəriciləriniz və uğurlarınıza görə deyil, həm də şəxsi inkişaf, ictimai fəallığınız, nümunəvi davranışlarınız və universitetimizi ən yaxşı şəkildə təmsil etdiyiniz üçün bu ada layiq görülmüsünüz. Bu gün siz tələbəsiniz, amma sabah müxtəlif sahələrdə fəaliyyət göstərəcək, öz karyeranızda da öncül mövqeyə sahib olacaqsınız. Mən əminəm ki, siz harada olursunuzsa-olun, orada da bir brend olma potensialına sahibsiniz”, - deyə şöbə müdiri qeyd edib. 

Ləman Novruzova tədbirin mahiyyətindən söz açıb: “Bu ada layiq görülən bütün tələbələri ürəkdən təbrik edirəm. Düşünürəm ki, minlərlə tələbə arasından seçilən on nəfərdən biri olmaq həm qürurverici, həm də məsuliyyətlidir. Universitet rəhbərliyinin sizi bu siyahıya daxil etməsi sizin bilik, bacarıq və fəallığınızın yüksək qiymətləndirilməsidir”.

Baş redaktor çıxışında layihə haqqında məlumat verərək qeyd edib ki, “Brend tələbə” layihəsi AzEdu.az Təhsil Portalı tərəfindən artıq üç ildir ki, həyata keçirilir. Layihənin ilk ilində 20 universitet təhsil portalı ilə əməkdaşlıq edirdisə, bu il həmin say 29-a yüksəlib. Bu, universitetlərin AzEdu.az Təhsil Portalına göstərdiyi etimadın bariz nümunəsidir. Ləman Novruzova vurğulayıb ki, layihədə iştirakçılar obyektiv meyarlar əsasında seçilir. Bu meyarlara akademik göstəricilərlə yanaşı, dövlətçilik dəyərlərinə sadiqlik, liderlik bacarıqları, sosial və könüllü fəaliyyətlərdə iştirak, sosial mediada nümunəvi davranış və ictimai fəallıq daxildir. “Məqsədimiz tələbələr arasında sağlam rəqabət mühiti yaratmaq, uğurları ilə fərqlənən gəncləri ictimaiyyətə təqdim etmək və onlara əlavə motivasiya qazandırmaqdır. Bu həmçinin digər tələbələr üçün də bir örnək rolunu oynayır. İnanıram ki, bu təşəbbüs hər birinizin gələcək fəaliyyətinə müsbət təsir göstərəcək. Burada iştirak edən hər kəsə təşəkkürümü bildirir, uğurlar arzulayıram”, - deyə baş redaktor bildirib. 

Asif Paşayev tələbələrə uğurlar arzu edib: “Bu meyarlara əsasən seçim aparmaq asan deyil. Lakin bu gün burada əyləşən gənclər həmin namizədlər arasında ən layiqliləridir. Arzu edirəm ki, gələcəkdə məzun olduqdan sonra da hər biriniz öz fəaliyyət sahənizdə brend adını qoruyasınız. Biz hər zaman məzunlarımızın yanında olmuşuq və bundan sonra da dəstək verməyə davam edəcəyik. Layihə həm seçilən tələbələr, həm də digər kurslarda oxuyan gənclər üçün böyük stimul yaradır. Artıq birinci və ikinci kurs tələbələri “Brend tələbə” adının mahiyyətini soruşur, maraqlanır, bu ada layiq olmaq üçün çalışırlar. Bu da layihənin əsas məqsədinə, tələbələr arasında motivasiya və rəqabət mühitinin formalaşmasına xidmət edir. Qonaqlarımıza bu nəcib təşəbbüsə görə təşəkkür edir, layihənin davamlı olmasını arzulayıram”.  

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

Azərbaycan Universitetinin 2024/2025-ci tədris ili üzrə “Brend tələbə”ləri  

  • Solmaz İlyaszadə - Humanitar və sosial elmlər fakültəsi, Filologiya, IV kurs
  • Günay Dünyamalıyeva - Humanitar və sosial elmlər fakültəsi, Filologiya, IV kurs
  • Yusif Nəbizadə - Humanitar və sosial elmlər fakültəsi, Dövlət və ictimai münasibətlər, IV kurs
  • Elvin Mədinov - İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi, Kompüter mühəndisliyi, məzun
  • Fatma Kəmərbəndi - İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi, İnformasiya təhlükəsizliyi, məzun
  • Alican Mikayılov - İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi, İnformasiya texnologiyaları, III kurs
  • Mələk Şərifzadə - Biznes və iqtisadiyyat fakültəsi, Maliyyə, tədris ingilis dilində, III kurs
  • Xəyyam Əsədov - Biznes və iqtisadiyyat fakültəsi, Biznesin idarə edilməsi, tədris ingilis dilində, IV kurs
  • Natəvan Pirili - Biznes və iqtisadiyyat fakültəsi, Marketinq, tədris ingilis dilində, IV kurs
  • Şəfəq Əzimova - Magistratura, Azərbaycanın qədim və orta əsrlər tarixi, məzun

Keçidə daxil olaraq meyarlar və universitetlər üzrə “Brend tələbə”lərin siyahısı ilə tanış ola bilərsiniz.

https://azedu.az/universitetler/89797/azerbaycanin-ldquobrend-teleberdquoleri-siyahi/

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR