XƏBƏRLƏR

Azərbaycan dili və ədəbiyyat kafedrası “Aşıq sənəti və Aşıq Ələsgər” adlı dəyirmi masa təşkil edib

Azərbaycan dili və ədəbiyyat kafedrası “Aşıq sənəti və Aşıq Ələsgər” adlı dəyirmi masa təşkil edib

30 noyabr 2021

Baxış sayı: 1632

Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasında  professor-müəllim heyətinin iştirakı ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunub. Tədbiri giriş sözü ilə açan kafedra müdiri Ülviyyə Rəhimova Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında məlumat verərək qeyd edib ki, ölkəmizdə görkəmli aşığın 200 illik yubileyinin qeyd olunması ədəbiyyat tarixinin inkişafı üçün mühüm hadisədir.  Aşıq Ələsgər aşıq poeziyası klassiklərinin ənənələrini davam və inkişaf etdirərək, qoşma, gəraylı, təcnisləri, eləcə də yaratdığı yeni aşıq şeiri janrlarından ibarət bədii irsi ilə  şifahi söz sənətimizi zənginləşdirmiş, yüksək zirvəyə qaldırmışdır.

Kafedranın professoru Məhərrəm Qasımlı bildirib ki, Aşıq Ələsgər Azərbaycan aşıq sənətinin pasportudur. Onun  şeirləri milli poeziyamızın nadir incilərindəndir. Aşıq şeirinin bütün şəkilləri şairin yaradıcılığında öz əksini tapıb. Məhərrəm Qasımlı Aşıqlar Birliyi tərəfindən onun “Lirika” kitabının nəşr edildiyini bildirib. Həmçinin “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” adlı antalogiya da işıq üzü görüb. Alim  Aşıq Ələsgərlə bağlı Azərbaycanda kifayət qədər işlər görüldüyünü, indi onun beynəlxalq miqyasda təbliğinin proritet  olduğunu vurğulayıb. Onun ana yurdu erməni tapdağındadır, buna görə də türk dünyası miqyasında təbliğinə xüsusi önəm vermək lazımdır. Ələsgər böyük savad sahibi olub. Dədə Ələsgər deyəndə həmişə Göyçə obrazı göz önünə gəlir.

Kafedranın professoru Qorxmaz Quliyev qeyd edib ki, Aşıq Ələsgərin poeziyasında realizm son dərəcə təbii, daha güclü, daha zəminlidir. Onun yaradıcılığı Azərbaycan xalqının ekzistensial problemlərinin aşıqsayağı təcəssümündə əlahiddə xidmətləri  olan sənətkardır.  Aşıq Ələsgər yaradıcılığının bu cəhətlərini mütəxəssislərimizin, folklorşünaslarımızın dərindən tədqiq edib öyrənmələri və elmi əsərlərlə, məqalələrlə çıxış etmələri zəruridir.

Kafedranın dosenti  Fərhad Mədətov bildirib ki, Aşıq Ələsgərin poeziyasının xüsusiyyətlərini yalnız onun dövrü, mühiti və qüdrətli istedadı ilə izah etmək özü də birtərəflilik olardı. Çünki Ələsgərin inkişafında şeir ənənəmizin də mühüm rolu olub. Aşığın çox maraqlı və zəngin yaradıcılığına M.P.Vaqif, M.V. Vidadi, Ə.Nəbati kimi şairlərimizin, folklorumuzun, xüsusilə aşıq poeziyamızın xeyirxah təsiri olub.    

Çıxışlarda qeyd olunub ki, Aşıq sənətinin XVI əsrdə Qurbanidən başlayıb XX əsrdə Aşıq Şəmşirə qədər davam edən zaman bölümündə Aşıq Ələsgər zirvə təşkil edir. O, türk dünyasında aşıq sənətini ən yüksək səviyyəyə qaldıran sənətkardır. Bildirilib ki, Aşıq Ələsgər aşıq ədəbiyyatının nizamnaməsini yaradıb. O, ustad aşıq baxımından da digər ustad aşıqlardan fərqlənir. Onun ustadnamələri həm də bir ustad dərsləridir. Bizim aşıqlar Aşıq Ələsgərin cızdığı sənət dairəsindən hələ də kənara çıxa bilməyiblər. Ən uzun ömürlü aşıq ədəbiyyatı məktəbinin yaradıcısıdır. 

Tədbir  Azərbaycan dili və ədəbiyyat kafedrası tərəfindən Prezident İlham Əliyevin 18 fevral 2021-ci il tarixində Aşıq Ələsgərin  200 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncamını rəhbər tutaraq təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
30.11.2021

DİGƏR XƏBƏRLƏR