XƏBƏRLƏR
Azərbaycan Universitetində Lütfi Zadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Universitetində dünya şöhrətli alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin ömürlük professoru, ABŞ-dakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadə) xatirəsinə həsr olunmuş “Əsrin dahisi” adlı anım tədbiri keçirilib. Tədbirdə universitetin professor – müəllim heyəti, tələbələr və qonaqlar iştirak edib.
- Lütfi Zadənin məntiqi həm də tolerantlıq məntiqidir
Anım tədbirini İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev açaraq görkəmli alimin həyatı və elmi fəaliyyəti haqqında danışıb. Dekan qeyri-səlis məntiq nəzəriyyəsinin mahiyyəti haqqında məlumat verərək qeyd edib ki, ömrünün son illərinə qədər elmi fəaliyyətlə məşğul olan böyük alimin paralel olaraq 5 böyük nəzəriyyəsi daha var. Onun ideya, yenilik və nəzəriyyələri bəşəriyyətin inkişafına və rifah halının yüksəldilməsinə istiqamətlənib.
Asif Paşayev tədbir iştirakçılarına qeyri-səlis məntiq nəzəriyyəsinin praktiki əhəmiyyəti və tətbiq olunduğu sahələr haqqında da məlumat verib, onun iqtisadiyyata, tibbə, texnologiyanın bütün sahələrinə, hətta konfliktlərin həll olunmasına tətbiq olunduğuna diqqət çəkib. Dekan deyib: “Bu səbəbdən Lütfi Zadənin məntiqi həm də tolerantlıq məntiqidir”.
- Lütfi Zadə hər bir azərbaycanlı üçün qürur mənbəyi olmalıdır
Universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov nəzəriyyənin yaranması, inkişafı və mahiyyəti ilə bağlı maraqlı və izahedici məlumatları bölüşüb. Prorektor çıxışında Lütfi Zadənin irsinin araşdırılması və təbliği, qlobal mənada “azərbaycanlaşdırlması” sahəsində görülmüş işlər haqqında danışıb, iştirakçılara onun gündəlik həyatının maraqlı məqamları, hobbiləri ilə bağlı məlumatları çatdırıb. Prorektor deyib: “Lütfi Zadə hər bir azərbaycanlı üçün qürur mənbəyi olmalıdır. Hər birimiz yerli və xarici insanlarla ünsiyyətdə olarkən onun haqqında ən az 3 dəqiqə danışa biləcək qabiliyyətə sahib olmalıyıq. Bu, hər birimizin mənəvi borcudur”.
Tədbir universitetin qonağı, qeyri-səlis məntiq nəzəriyyəsinin tədqiqatı ilə uzun illərdir birbaşa məşğul olan, Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun Riyazi modelləşdirmə və avtomatlaşdırılmış sistemlər şöbəsinin böyük elmi işçisi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Reyhan Şıxlinskayanın çıxışı ilə yekunlaşıb. Qonaq qeyd edib ki, “Zadə məntiqi” ABŞ-ın elmi ictimaiyyəti tərəfindən düz 20 il qəbul edilməyib və öncə yapon alimlərinin diqqətini cəlb edib. Onun bütün ideyaları artıq özünü doğruldub, bu nəzəriyyə bütün dünyada elmin və texnologiyanın bütün sahələrinə geniş nüfuz edib.
Leyla Şıxlinskaya süni intellekt məsələsinin dünyada birmənalı qarşılanmadığını və ona ehtiyatla yanaşanlar olduğunu da bildirib. Onun sözlərinə görə, ciddi arqumenlər önə sürərək bu məntiqin bəşəriyyətin sonu olacağını iddia edənlər də var. Amma bütün hallarda suni intellekt artıq bizim həyatımızın bir hissəsinə çevrilib, yüksək texnologiyalar dövrünün kandarındayıq və bu reallığı qəbul etməliyik.
- “Dostum Mimi” kitabı Lütfi Zadəyə həsr olunub
Reyhan Şıxlinskaya süni intellektin təbliğatçısı kimi onu ədəbiyyata da tətbiq etdiyini və bu məqsədlə “Dostum Mimi” adlı kitab qələmə aldığını bildirib. Lütfi Zadəyə həsr olunmuş kitabın personajlarından biri - yaşlı professor məhz Lütfi Zadənin proobrazı kimi düşünülüb. Kitabın məzmunu belədir: “Professor oyuncaq siçana beyin düzəldir, süni intellekt yaradır və siçan insan kimi düşünüb danışmağa başlayır. Amma professorun yaddaşı zəiflədiyi üçün siçanı unudur və siçan küçəyə çıxır. Bütün macəralar ondan sonra başlayır”.
İctimaiyyətlə əlaqələr şöbəsi
25.10.2017