XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri 48-ci ICPC müsabiqəsinin dörddəbir final mərhələsinə vəsiqə qazanıb

Azərbaycan Universitetinin tələbələri  48-ci ICPC müsabiqəsinin dörddəbir final mərhələsinə vəsiqə qazanıb

01 noyabr 2023

Baxış sayı: 1051

Azərbaycan Universitetinin İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin tələbələri Ülvi Ramil oğlu Sadıqzadə (İnformasiya texnologiyaları, II kurs), Yunis Tofiq oğlu Bədəlov (İnformasiya təhlükəsizliyi, II kurs) və Eyvaz Əşrəf oğlu Bayramovdan (Kompüter mühəndisliyi, III kurs) ibarət komandası “48-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin Azərbaycan üzrə dörddəbir final mərhələsinə vəsiqə qazanıb. 

Azərbaycan Universiteti təsnifat mərhələsində 7 komanda ilə təmsil olunub. Dörddəbir final mərhələsinə vəsiqə qazanan komanda üzvlərinə yüksək nailiyyət sertifikatı, digər iştirakçılara isə həvəsləndirici sertifikat təqdim olunub. 

Müsabiqənin Azərbaycan üzrə təsnifat mərhələsində (kvalifikasiya turu) 23 ali təhsil müəssisəsindən 167 komanda iştirak edib. Hər komanda üç tələbə və komanda rəhbərindən ibarət olub. Komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb. 

5 noyabr 2023-cü il tarixində keçiriləcək Azərbaycan üzrə dörddəbir final mərhələsində 58 komanda iştirak edəcək. Bu mərhələni müvəffəqiyyətlə bitirəcək komandalar 10-14 dekabr 2023-ci il tarixlərində Gürcüstan Respublikasının Kutaisi şəhərində keçiriləcək “48-ci ICPC Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) iştirak etmə hüququ əldə edəcəklər.

 İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR