XƏBƏRLƏR

“Azərbaycanda gender əsaslı cins seçiminin qarşısının alınması” mövzusunda tədbir keçirilib

“Azərbaycanda gender əsaslı cins seçiminin qarşısının alınması”  mövzusunda tədbir keçirilib

18 oktyabr 2022

Baxış sayı: 4575

Azərbaycan Universitetində tələbələr üçün “Azərbaycanda gender əsaslı cins seçiminin qarşısının alınması” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirin qonağı “Rasional inkişaf uğrunda” Qadınlar Cəmiyyətinin sədri, “Sağlam təhsil-sağlam xalq” megalayihəsinin gender blokunun rəhbəri Şəhla İsmayıl olub. 

Tədbiri giriş sözü ilə Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva açaraq qonağı təqdim edib. Kafedra müdiri bildirib ki, tədbir Nazirlər Kabinetinin “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilir. Tədbirlər planı doğulacaq uşağın cinsinin seçilməsinin miqyasının qiymətləndirilməsi məqsədilə əhali arasında araşdırmaların aparılması, gender bərabərliyinin təmin olunması və reproduktiv sağlamlıq sahələrində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasını nəzərdə tutur. 

Çıxışına “bərabərlik deyəndə nə nəzərdə tutulur” sualı ilə başlayan əsas mühazirəçi Şəhla İsmayıl tələbələrin fikirləri ilə tanış olduqdan sonra onlara qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi, qadınların iqtisadi və təhsil resurslarına çıxış imkanlarının genişləndirilməsi, məişət zorakılığının qarşısının alınması üçün göstərilən səylər haqqında məlumat verib. Qonaq çıxışında Azərbaycanda əhalinin cins strukturunda müşahidə olunan meyilləri tələbələrin nəzərinə çatdırıb və oğlanların payının və artım tempinin yüksək olduğunu bildirib. 

Şəhla İsmayıl qeyd edib ki, Azərbaycan dünyada ən yüksək selektiv abort göstəricilərindən birinə malikdir. Yeni doğulan körpələrin cins nisbətinə münasibətdə bioloji norma 102-106 oğlan üçün 100 qız təşkil etsə də, Azərbaycanda təkcə 2021-ci ildə hər 115 oğlana nisbətdə 100 qız doğulub. 1990-cı illərin əvvəllərinə qədər Azərbaycanda doğum zamanı cins nisbəti bioloji norma daxilində olub. 1990-cı illərdən başlayaraq isə texnologiyanın inkişafı ilə ultrasəs müayinə cihazları sayəsində dölün cinsinin öncədən məlum olması mümkün olub. Bu isə valideynlərin cins seçimi edərək oğlan uşaqlarını dünyaya gətirməsi və qız uşaqlarını abort etməsi ilə nəticələnib. Azərbaycan 2012-ci ildə dünyada ən yüksək abort nisbəti olan ölkə kimi qeydə alınıb. 2005-2009-cu illərdə isə Azərbaycan və qonşu respublikalarda doğuşda cins nisbəti 116 olub və bu rəqəm Çin və Hindistandakı cins nisbətilə eyni və ya daha yüksək olub. İkinci və üçüncü uşaqlarda vəziyyət daha da gərginləşir, üçüncü uşaq üçün cins nisbəti daha da artır və rəqəm 128 olur. 

Qonaq bildirib ki, Azərbaycanda gender əsaslı aborta müraciət etməyin əsas səbəbi patriarxal ailə strukturundan irəli gələn stereotiplər ilə bağlıdır. Cəmiyyətin bu mövzuda informasiyasının az olduğunu nəzərə alaraq ümumi gender stereotipləri və gender əsaslı selektiv abortlara qarşı maarifləndirmə tədbirləri aparılmalıdır. 

Sosial işin təşkili kafedrasınınn müəllimi Nigar Şahhüseynbəyova qeyd edib ki, sözügedən tədbirlər planının hazırlanmasında BMT-nin Əhali Fondu Azərbaycan hökuməti ilə birgə işləyib. Tədbirlər planının icrası sayəsində ölkədə gender əsaslı cins seçiminin azaldılması və qız uşaqlarının dəyərinin təşviq edilməsi sahəsində irəliləyişlərə nail olunması gözlənilir.

Tədbir tələbələrin mövzuya dair suallarının cavablandırılması ilə davam edib.  

Sonda xatirə şəkli çəkdirilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR