XƏBƏRLƏR

“Gender problemi və müasir Azərbaycan” konfransı rektor Səadət Əliyevanın bağlanış nitqi ilə yekunlaşdı

“Gender problemi və müasir Azərbaycan” konfransı rektor Səadət Əliyevanın bağlanış nitqi ilə yekunlaşdı

25 noyabr 2017

Baxış sayı: 6474

Bu gün Azərbaycan Universitetində “Gender problemi və müasir Azərbaycan” mövzusunda  respublika konfransı keçirilib. Konfransın məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdən ibarətdir.

Tədbirdən əvvəl konfrans iştirakçıları tərəfindən ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsinin ardından Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva açılış nitqi ilə çıxış edib. Konfrans iştirakçılarını salamlayan rektor qeyd edib ki, gender bərabərliyinin təmin olunması aktual mövzu olaraq cəmiyyətimizin diqqət mərkəzindədir. Cəmiyyətimizin inkişafı və müstəqilliyimizin möhkəmlənməsi naminə öz töhfələrini verən Azərbaycan qadını təhsil və intellektual potensialına görə dünyanın bu gün inkişaf etmiş ölkələri ilə müqayisə edilir. Onun bütün uğurlarının təməlində ümumilli lider Heydər Əliyevin qurduğu qadın siyasəti amili və bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva isə yalnız ictimai-siyasi fəaliyyəti ilə deyil, həm də milli-mənəvi dəyərlərimizin, mədəni irsimizn qorunmasında ardıcıl fəaliyyəti ilə bütün Azərbaycan qadınları üçün örnəkdir.

Səadət Əliyeva çıxışında konfransda aparılacaq müzakirələrin dövlətimiz tərəfindən bu istiqamətdə  aparılan siyasətə öz töhvəsini verəcəyinə əminliyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova gender münasibətləri problemlərinin ailədə həll olunmasının vacibliyinə toxunub. Azərbaycan Respublikasının prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev gender bərabərliyinin təmin olunmasının konstitusion əsasları haqqında danışıb.

Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə müvəkkilin Gender məsələləri üzrə müşaviri Lamiyə Zeynalova qeyd edib ki, Azərbaycanda gender bəraəbərliyinin təmin olunması istiqamətində hüquqi baza yaradılıb, amma problemlər hələ də qalır. Qadınlara qarşı sosial diskriminasiya və onların pozulmuş hüquqlarının bərpa olunması ombusdman aparatının daim diqqət mərkəzindədir.

“Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, prof. Fuad Məmmədov çıxışında qanunların icra olunması mədəniyyətinin vacibliyini ön plana çıxarıb. AMEA Fəlsəfə İnstitutu Müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, prof. Rəna Mirzəzadə çıxışında genderin tarixi təşəkkülü haqqında danışıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov çıxışında ölkəmizdə gender bərabərliyinin təmin edilməsi ilə bağlı statistik mənzərəni təqdim edib.

Plenar iclasda isə psixologiya üzrə fəlsəfə doktoru, prof. Rəna İbrahimbəyovanın “Azərbaycanda gender münasibətlərinin tarixindən” və filologiya elmləri doktoru, prof. Asif Hacıyevin “Bədii yaradıcılığın gender aspektləri və feminist tənqid” mövzularında çıxışları dinlənilib.

Fasilənin ardından konfrans öz işini - Gender tarixi, Ədəbiyyatda və dində gender problemi, Genderin hüquqi aspektləri olmaqla üç bölmədə davam etdirib.

Konfrans rektor Səadət Əliyevanın bağlanış nitqi ilə yekunlaşıb. Rektor bildirib ki, konfrans iştirakçıları gərgin və yaradıcı iş günü ərzində gender probleminin müxtəlif aspektlərinə həsr olunmuş məruzələrə qulaq asıb, məhsuldar və müsbət müzakirələr aparıblar.  Konfransa Azərbaycanın 20 universitet, 5 elmi-tədqiqat institutu, müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatlarını təmsil edən 94 məruzə qəbul edilib, konfransın işində 72 alim iştirak edib, 68 məruzə dinlənilib. Sevindirici haldır ki, məruzəçilər arasında xeyli sayda gənc tədqiqatçı da var.

Səadət Əliyeva bağlanış nitqində qeyd edib ki, “Gender problemi və müasir Azərbaycan” konfrasnının növbəti ilə daha geniş tərkib və beynəlxalq statusda keçirilməsi planlaşdırılır. Konfransa göstərilən maraq bu qərarın alınmasına öz təsirini göstərib.

Rektor çıxışında konfransın yüksək səviyyədə təşkil olunmasında fəal iştirak edən  universitet əməkdaşlarına təşəkkür edib.

Qeyd edəki, konfrans gender bərabərliyinin təmin olunması sahəsində Azərbaycanın tanınmış alimlərini, həmçinin dövlət və QHT-lərin, region universitetləri daxil ölmaqla ölkədə fəaliyyət göstərən əksər universitetlərin və AMEA-nın aidiyyəti institutlarının nümayəndələrini bir araya gətirib.  

İctimaiyyətlə əlaqələr şöbəsi
25.11.2017


DİGƏR XƏBƏRLƏR