XƏBƏRLƏR

Haqq yolunun yolçusu – professor Qorxmaz Quliyev

Haqq yolunun yolçusu – professor Qorxmaz Quliyev

09 iyul 2021

Baxış sayı: 2450

Yurdun və xalqın, dövlətin və millətin tarixi dəyəri sadəcə maddi anlamlar –  ərazi, sərvət, əhalinin sayı ilə ölçülmür. Tarix fəlsəfi anlamdır və xalqı yaddaşlarda yaşadan, dünyaya tanıdan da onun həyat fəlsəfəsi, mənəvi dəyərləri, mədəniyyəti, elmi, sənəti, əxlaqıdır. Bu dəyərləri yaşadanlar, toplumu mənəvi varlığa – xalqa, millətə çevirənlər isə adil, imanlı, əqidəli, bilikli, savadlı, inanclı, əməlisaleh insanlardır. Həqiqətə can atan, dünyanı və bu dünyada öz yerini dərkə çalışan, “anlamaq dərdi”nə mübtəla olan, axtarış və tapıntısının nəşəsini yaşayan müdriklərdir.

Mənə tanışlıq və həmkarlıq şərəfi nəsib olmuş belə adil və müdrik, sözün həqiqi mənasında böyük alim və əməlisaleh insan professor Qorxmaz Quliyevdir. Qorxmaz müəllim ilk növbədə mənəvi, əxlaqi dəyərləri cəmləşdirən şəxsiyyətdir – həyatın hər üzündə dəyişməz qalan, mövqeyi, fikri və əməli olan bütöv xarakterdir. Şəxsiyyətlilik onun xarakterinin məna tutumunu müəyyənləşdirir. İlk növbədə, vətənpərvərliyini – vətən, xalq, ölkə, dövlət onun üçün yalnız haqqında danışılası, vəsf ya küfr ediləsi mücərrəd anlayış deyil. Fikrində, sözündə, əməlində qorunan, yaşayan məğrur və hür canlı varlıqdır. Və gerçək vətənin şad və dar günlərini Qorxmaz müəllim bütün varlığı ilə yaşayır, duyur, hiss edir.

Qorxmaz müəllim kübarlıq, nəciblik, maarif nurunu daşıyan həqiqi ziyalıdır. Klassik dəyərlər və ədəb daşıyıcısıdır, etdiyini dilinə gətirməyən xeyirxahdır, dəbə, dövrana, şəraitə görə dəyişməyən, haqq bildiyinə, doğru saydığına sonadək sadiq qalan ləyaqət və mərdlik mücəssəməsidir.

Qorxmaz müəllim böyük alimdir, dilləri bilən, milli və dünya ədəbiyyatına, mədəniyyətinə dərindən varid olmuş tədqiqatçıdır. Onun elmi araşdırmaları axır vaxtlar çox yayılmış elm adına poetik esseçilikdən tamam uzaqdır. Qorxmaz müəllim dərin bilik, mükəmməl savad, geniş məlumat sahibidir. Onun hər bir mülahizəsi dünya akademik elminin ciddi kontekstindədir və bu konteksti zənginləşdirəcək, dəqiqləşdirəcək, yeniləşdirəcək siqlətdədir! Mən əminliklə deyərdim ki, Qorxmaz müəllim müasir filologiyanı, mədəniyyətşünaslığı, müəyyən mənada fəlsəfəni sadəcə yaxşı öyrənib Azərbaycana gətirmək səviyyəsini çoxdan keçib və bəşəri humanitar elmləri dünya səviyyəsində yeniliklərlə zənginləşdirə bilən son dərəcə məhdud saylı alimlərimizdəndir. Bu amil onun son dövrlərdə ardıcıl yazıb təqdim etdiyi kitablarında, o cümlədən yaxınlarda çıxmış “Ədəbi proses” kitabında aşkardır.

Bütün bunlarla Qorxmaz müəllim belə bir ali həqiqəti bir daha təsdiqləyir ki, elm beynəlmiləl dəyərdir, əsl elmin vətəni yoxdur və onun bəşəri əhəmiyyəti və məzmunu olmalıdır, elmimiz sərhədlərimizə qapanmamalı, ölkə üçün deyil, elm üçün yeni və gərəkli olmalıdır. Qorxmaz müəllim milli qürur gətirən belə yeniliklər müəllifidir.

Qorxmaz Quliyev həm də əsl ziyalı lütfkarlığı ilə  bilgilərini gənclərimizlə səxavətlə bölüşən fədakar müəllimdir, məktəb yaratmış görkəmli elm xadimdir. Bu baxımdan, onun Azərbaycan Universitetində Azərbaycan dili və ədəbiyyatı kafedrasında apardığı fenomenologiya, strukturalizm, semiotika, poststruktu­ra­lizm, hermenevtika, reseptiv estetika, yeni tənqid, narratologiya, mifoloji tənqid, semantik-simvolik tənqid kimi elmi məktəblərə həsr olunmuş “Dünya ədəbiyyatşünaslığında aparıcı konsepsi­ya­lar” adlı elmi seminarın fəaliyyətini və bu fəaliyyətin nəticəsi ola­­raq dərc edilmiş fundamental elmi və tədris kitablarını xüsusi qeyd etmək istərdik.

Qorxmaz müəllim şəxsiyyətinin bütün bu və digər xüsusiyyətləri ilə birlikdə fenomenal idraki əhatəyə və sarsılmaz məntiqə malik mütəfəkkirdir. Fəlsəfi düşüncə sahibi olaraq, onun   həyatında, yaradıcılığında, fəaliyyətində üç suala cavab axtarışı durur: “nədir? necədir? nə üçündür?”. Bu axtarış onu nəsnələrin və hadisələrin, olanların və olmayanların, görünənlərin və görünməyənlərin mahiyyətinə varmağa, özəyinə çatmağa yönəldir. Qorxmaz müəllim əsərlərində mistik bir duyumla sükutun səsini dinləyir, dəliliyin müdrikliyini açır, heçin varlığını, varlığın heçliyini aşkarlayır. Və xudbin profan qavrayış üçün paradoksal olan müdriklik qatına - Sokratın “bilik” və “biliksizlik” dairələrinin paradoksuna çatır: bilik dairəsi böyüdükcə, bilinməyənlə təmas çevrəsi genişlənir və sonda sufi sayaq heç nə bilmədiyin qənaətinə gəlirsən. Beləliklə yenidən idrak yoluna çıxırsan. Hörmətli Qorxmaz müəllim yolçusu olduğu bu idrak yoluna ətrafındakıları da sövq edir və gözümüz önündə mühitimizə zəka, bilik, fikir toxumları səpələnir. Bu illər ərzində minlərlə insanın, tanışlarının, dostlarının, həmkarlarının, tələbələrinin, yetirmələrinin böyük ehtiram və sevgisini qazanmış Ustad Qorxmaz Quliyevin sonsuz idrak yoluna nur arzulayıram.  

Asif Hacıyev
Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru
 


 

DİGƏR XƏBƏRLƏR