XƏBƏRLƏR
Millət vəkili, tanınmış ictimai xadim və jurnalist Qənirə Paşayeva vəfat edib
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, tanınmış ictimai xadim və jurnalist, Azərbaycan dövlətinə və Azərbaycan xalqına bütün varlığı ilə, təmənnasız bağlı olan, türk xalqlarının sosial- mədəni birliyi üçün durmadan çalışan, Türk Dünyasının böyük qızı Qənirə Paşayeva müalicə aldığı xəstəxanada vəfat edib. Vətənpərvərliyi, milli dövlətçiliyə sədaqəti ilə xalqın böyük rəğbətini qazanan millət vəkili Heydər məscidində keçirilən vida mərasiminin ardından II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Azərbaycanın problemlərini və haqq səsini ən mötəbər kürsülərdə səsləndirən, Qarabağ həqiqətlərini beynəlxalq platformalarda gündəmə gətirən, böyük fikirləri və əməlləri ilə gənclərə, tələbələrə örnək olan, Azərbaycan Universitetinin yaxın dostu Qənirə Paşayevanın vaxtsız vəfatından kədərlənir, ailəsinə, yaxınlarına və bütün sevənlərinə dərin hüznlə başsağlığı veririk.
İnsan üçün ən böyük sərvət xalqının hörmətini, inamını, sevgisini qazanmaqdır.
Bu gün Qənirə xanım ilə vida mərasimində biz bunu görürük.
Milli dövlət quruculuğundakı xidmətləri ilə həmişə xatırlanacaq, xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
İctimaiyyətlə əlaqələr şöbəsi