XƏBƏRLƏR

“QİÇS-lə mübarizədə Sosial işçilərin rolu” adlı mühazirə - təqdimat

“QİÇS-lə mübarizədə Sosial işçilərin rolu” adlı mühazirə - təqdimat

29 noyabr 2019

Baxış sayı: 3325

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Empatiya” klubu tərəfindən 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş “QİÇS-lə mübarizədə sosial işçilərin rolu” adlı mühazirə - təqdimat keçirilib. Mühazirə-təqdimatı Sosial işin təşkili kafedrasının müəllimi Təranə Mövsümova  və  “Həyat fəaliyyətinin müxtəlif sahələrində Sosial iş” ixtisası üzrə təhsil alan magistratura tələbəsi  Aysel Babayeva aparıblar.

Mühazirədə İİV/QİÇS-in (İİV-insanın immun çatışmazlığı virusu, QİÇS-Qazanılmış İmmun Çatışmazlığı Sindromu) mahiyyəti və tarixi, yoluxma yolları, virusun xüsusiyyətləri, göstəriciləri, virusun müəyyənləşdirilməsi, QİÇS-lə yarana bilən xəstəliklər, qorunma yolları, İİV/QİÇS-ə göstərilən ilkin reaksiyalar, xəstəliyin insanın psixologiyasına təsiri, İİV/QİÇS-in yaratdığı sosial problemlər və bu zaman sosial işçinin etməli olduqları haqqında məlumat verilib.

Həmçinin qeyd olunub ki, 1988-ci ildə Dünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edib. Bu günün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. Bu tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub.  Statistikaya görə, dünyada 37 milyona yaxın insan HİV/QİÇS-lə yaşayır. Onların 18 milyonundan çoxu 15 yaşından aşağı uşaqlardır. Hər gün 1.8 milyon adam bu xəstəliyə yoluxur. Onların 180 minini 15 yaşından aşağı uşaqlar təşkil edir. 2019-cu ildə dünyada QİÇS-ə yoluxanların sayı 37,9 milyon nəfərdir. Onlardan 24,5 milyonu müalicə olunur. Ekspertlər qeyd edirlər ki, retrovirus preparatlarının əlçatan olması sayəsində bu xəstəlikdən ölənlərin sayı da azalır. Könüllülük və gizlilik əsasında QİÇS testləri ilə bağlı yeni yanaşmalar bir çox insana xəstəliyi ilkin mərhələdə aşkar etməyə və erkən müalicəyə başlamaqla ayrı-seçkiliyə məruz qalmamağa imkan verir. Lakin cəmiyyətdə ayrı-seçkilik və bərabərsizliyin olması virusun yayılmasının qarşısını almağa mane olur. Hər həftə 15-24 yaş arasında olan 6 minə yaxın gənc qadın virusa yoluxur. 2018-ci ildə 14 yaşınadək 160 min uşaq da QİÇS virusunun daşıyıcısına çevrilib. Bu günlərdə UNICEF-in dərc etdiyi yeni hesabatda qeyd olunur ki, hər gün bu amansız xəstəlikdən 320, hər saat isə 13 uşaq və yeniyetmə ölür.

Azərbaycanda isə virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb. İİV/QİÇS problemi Azərbaycanda da aktual problem olaraq Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir.

İctimaiyyətlə əlaqələr şöbəsi
29.11.2019

DİGƏR XƏBƏRLƏR