XƏBƏRLƏR

Azərbaycan Universiteti və Soyqırımı Memorial Kompleksi birgə elmi seminar keçirib

Azərbaycan Universiteti və Soyqırımı Memorial Kompleksi birgə elmi seminar keçirib

28 mart 2024

Baxış sayı: 995

Azərbaycan Universitetinin bir qrup müəllim və tələbə heyəti Quba şəhərində yerləşən “Soyqırımı Memorial Kompleksi”ni ziyarət edib. “31 Mart – Dünya Azərbaycanlılarının Soyqırımı Günü” ilə əlaqədar olaraq təşkil olunan səfər çərçivəsində kompleksin informasiya mərkəzində elmi seminar da keçirilib.

Əvvəlcə kompleksin ərazisində, soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılan abidənin önünə gül səbəti qoyulub,  xatirələri yad edilib.  Ardınca müəllim və tələbə heyəti simvolik məzarlıq və soyqırımı muzeyində olub.

Simvolik məzarlıqda Qubanın rəmzi olan alma ağacları əkilib, faciə qurbanlarının  xatirəsinə hörmət əlaməti olaraq 40 mərmər daşı yerləşdirilib. Soyqırımı muzeyində isə müəllim və tələbələr 1918-ci il mart hadisələrinədək Qubadakı dinc həyat, eləcə də qırğınların miqyasını və hadisələrin dəhşətini əks etdirən material və faktlarla tanış olublar, onlara təkcə Quba qəzasında deyil, Bakı quberniyasının digər qəzalarında da törədilmiş soyqırımları haqqında ətraflı məlumat verilib.

Elmi seminarı giriş sözü ilə memorial kompleksin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova açaraq universitet heyətini salamlayıb, 1918-ci ildə bolşevik-daşnak birləşmələrinin Quba qəzasında həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti, kütləvi məzarlığın 2007-ci ilin aprelində Quba stadionunun genişləndirilməsi zamanı təsadüfən aşkarlanması, kompleksin inşası, fəaliyyət istiqamətləri haqqında məlumat verib. Rəxşəndə Bayramova qeyd edib ki, mart hadisələri zamanı təkcə Quba qəzasında 16 mindən çox insan qətlə yetirilib. Quba şəhəri və Quba qəzasının kəndlərində törədilmiş zorakılıq halları Fövqəladə Təhqiqat Komissiyasının istintaq materiallarına əsasən 3 cilddə 451 vərəqdən ibarət sənədlər toplusunda əks olunub.

Ardınca Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinskinin “Soyqırıma hüquqi-siyasi baxış” mövzusunda çıxışı dinlənilib. Kafedra müdiri qeyd edib ki, tarixin müxtəlif dövrlərində erməni quldur dəstələrinin amansız soyqırımı siyasətinə məruz qalan Azərbaycan xalqı hər zaman qonşu xalqlarla sülh şəraitində yaşamağa çalışıb.  Təkcə 1918-ci ildə deyil, 1905-1907, eləcə də sonrakı illərdə, sovet dövründə, ötən əsrin 80-90-cı illərində erməni millətçiləri tərəfindən azərbaycanlıların hüquqlarının pozulması, qeyri-insani rəftar, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımı və deportasiya hallarına yol verilib. 

Daha sonra Quba  “Soyqırımı Memorial Kompleksi”nin direktor müavini Mehriban Əliyeva “Quba Soyqırımı Kompleksinin fəaliyyətində FTK sənədlərinin rolu”, kompleksin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “1918-ci ildə Cavad qəzasında soyqırımı”, Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Mehdixanov “Quba soyqırımının tarixi həqiqətləri”,  kafedranın müəllimləri, tarix üzrə fəlsəfə doktoru Səbinə Məmmədli “1918-ci ildə baş verən Soyqırımın səbəbləri və dəhşətli nəticələri”, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov “31 mart Soyqırımı hadisələri (Bakı örnəyində)”,  ADPU-nun Quba filialının tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin məzunu Təhminə Əliyeva “Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımının Qafqaz birliyi və təhlükəsizliyinə təsiri” mövzularında çıxış ediblər. Seminarda kompleksin əməkdaşları Ülkər Zeynalovanın “1918-ci ildə Naxçıvan soyqırımı”, Səriyyə Abidovanın “Bakı qəzasında olan erməni vəhşilikləri” mövzularında məruzələri də dinlənilib.

Məruzə və çıxışlarda Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, İrəvan və digər ərazilərdə erməni-bolşevik silahlı dəstələrinin yerli dinc əhaliyə qarşı törətdiyi kütləvi qətl, vəhşilik və cinayətlər, o cümlədən yerli xalqın müqaviməti müxtəlif aspektlərdə ələ alınıb, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu cinayətlərin tədqiqi üçün qurulan Fövqəladə Təhqiqat Komissiyasının gördüyü işlər, topladığı materiallar və sənədlər haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, 1918-ci il mart hadisələrinin araşdırılması, həqiqətlərin dünyaya çatdırılmasına ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla başlanıb. Erməni millətçilərinin hərəkətlərinə hüquqi-siyasi qiymətin verildiyi bu fərmanın ardından soyqırımı barədə həqiqətlərin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparılır, həmçinin həmin vaxtdan 31 Mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilir. Vurğulanıb ki, Azərbaycan ordusu erməni faşizmini döyüş meydanında məğlub edib, informasiya və diplomatiya kimi cəbhələrdə isə mübarizə davam edir. Quba şəhərində yerləşən “Soyqırımı Memorial Kompleksi” Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayır.

Tədbirin sonunda tələbələrə soyqırımı həqiqətlərini əks etdirən kitab və bukletlər təqdim edilib. 

Qeyd edək ki, ziyarət və elmi seminar Azərbaycan Universiteti və “Quba Memorial Kompeksi” tərəfindən birgə təşkil olunub. Ziyarət və elmi seminarda Siyasi və ictimai elmlər kafedrasının müəllim heyəti ilə yanaşı Humanitar fənlər fakültəsinin tarix, muzey-arxiv işi və abidələrin qorunması, fəlsəfə ixtisaslarında oxuyan IV kurs tələbələri də iştirak edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR