XƏBƏRLƏR

Türkiyəli tələbə Osman Yılmaz: Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələrinin əmin – amanlıq içində yaşadığı ölkədir

Türkiyəli tələbə Osman Yılmaz: Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələrinin əmin – amanlıq içində yaşadığı ölkədir

11 yanvar 2017

Baxış sayı: 5093

Azərbaycan Universiteti mübadilə yolu ilə gələn tələbələrə uğurla ev sahibliyi edir. Türkiyənin İnönü Universitetinin tələbəsi Osman Yılmaz 2016/2017-ci tədris ilinin payız semestrini Azərbaycan Universitetində oxuyub. Osman Yılmaz İngilis dili müəllimliyi ixtisası üzrə təhsil alır, III kurs tələbəsidir. Türkiyənin Malatya şəhərindən Bakıya “Mövlanə” mübadilə proqramı ilə gəlib.

Osman Yılmazın Azərbaycan Universitetində əldə etdiyi təhsil kreditləri İnönü Universiteti tərəfindən müvafiq qaydada tanınacaq. O, İnönü Universitetinin "Mövlanə" mübadilə proqramında iştirak edən ilk tələbəsidir.

Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov tərəfindən semestri uğurla başa vurması səbəbiylə sertifikatla təltif olunan Osman Yılmaz Azərbaycanla bağlı təəssüratlarını veb səhifəmiz ilə bölüşür.

- Siz İnönü Universitetinin “Mövlanə” mübadilə proqramında iştirak edən ilk tələbəsisiniz. Necə oldu ki, məhz Azərbaycanı seçdiniz?

- Təhsil aldığım universitet “Mövlanə” mübadilə proqramı çərçivəsində türkdilli ölkələrin bir sıra universitetləri ilə əlaqə qurub. Mənim öncəliyim Azərbaycan oldu. Türkiyədə gündəlik həyatda, təhsil mühitində, mediada tez-tez istifadə etdiyimiz “Qardaş ölkə”, “Bir millət, iki dövlət” şüarları məni buraya gətirdi. Universitetimin mənə yaratdığı imkanı ən yaxşı şəkildə dəyərləndirmək, burada təhsil almaq, Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaq, ölkələrimiz arasında qardaşlığın sözdə deyil, əməldə də olduğunu öz gözlərimlə görmək istədim.

- Bakıya sentyabr ayında gəlmisiniz. İlk vaxtlar hansı çətinliklərlə üzləşdiniz?

- Bakıda adaptasiya problemi demək olar ki, yaşamadım. Mətbəx və yeməklə bağlı çətinliklərim də olmadı. Hər kəs çox qonaqpərvər və səmimidir. Sadəcə mənim gəldiyim vaxtlar Bakıda havalar çox isti keçirdi. Mənim anadan olduğum Kütahya və təhsil aldığım Malatya şəhəri isə quru iqlim zonasındadır. İsti və nəm iqlimə uyğunlaşmaqda çətinliklər yaşadım. İndi isə hər şey əladır, Bakıda havalar çox yaxşı keçir, Türkiyə isə soyuqdan donur.

- Azərbaycan Universitetindəki tələbə həyatı haqqında nə deyə bilərsiniz?

- Gərək müəllimlərim, gərəksə tələbə yoldaşlarım istiqanlı və mehriban insanlardır. Semestr ərzində 6 dərsdə iştirak etdim və imtahanları uğurla başa vurdum. Burada qrup ölçüləri kiçikdir. Qruplarda 20-25 tələbə təhsil alır.  Bu da təhsilin keyfiyyətini yüksəkdə tutmağa imkan verir, ingilis dilində vərdiş və bacarıqlarımızın hərtərəfli inkişafında böyük rol oynayır, müəllimlər dərs prosesində hər bir tələbə ilə yaxından maraqlana bilirlər. İkinci xarici dil kimi Alman dilini başlanğıc səviyyədə bilirdim, burada intensiv Alman dili dərslərində iştirak etdim, xeyli irəlilətdim və möhkəmləndirdim. Semestr imtahanlarının kameralı otaqlarda, çox ciddi nəzarət altında təşkili və dərslər arasında vurulan zəng isə məni təəccübləndirən və diqqətimi çəkən məqamlardır. 

- Asudə vaxtlarınızı necə keçirdiniz?

- Azərbaycanda gəzməli, görməli, maraqlı yerlər çoxdur. Təkcə Bakıda deyil, rayonlarda da insanlar çox qonaqpərvər və mehribandırlar.  Bakıda demək olar ki, hər yeri gəzmişəm, Qobustan, Ateşgah və İçəri Şəhəri xüsusi ilə qeyd etmək istəyirəm. Şəkini gəzdim, Quba rayonunun Xınalıq kəndinə və Qırmızı qəsəbəyə getdim, Quba Soyqırımı Kompleksini ziyarət etdim. Quba rayonunda gördüklərimdən sonra bir daha əminlikliklə deyə bilərəm ki, millətim heç bir xalqa zülüm etməyib. Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələrinin sülh və əmin – amanlıq içində yaşadığı bir ölkədir.

- Yerli tələbələr haqqında təəsüratlarınız necədir?

- İstisnasız hər kəs çox qonaqpərvərdir. Amma qız tələbələr elm öyrənməyə və öz üzərlərində işləməyə daha maraqlı, inkaşafa meyillidirlər. Oğlan tələbələr isə təəssüflə qeyd etmək istəyirəm ki, onlardan bir az daha geri qalırlar.

- Burada sizi təəccübləndirən başqa nələr var?

- Hər kəs birbirinə çox hörmət edir, amma ölkənizdə xanımlara xüsusi hörmət var. İctimai nəqliyyatda böyüklərə, özəlliklə də xanımlara yer vermək ənənəsi hesab edirəm ki, təkcə mənim yox, şəhərin bütün qonaqlarının diqqətini cəlb edir. Bu ənənə Avropada demək olar ki, yoxdur, Türkiyədə isə yavaş – yavaş yox olmağa üz tutub.

- Semestr başa çatıb və siz artıq Türkiyə qayıdırsınız, Azərbaycana yenidən gəlmək üçün hansı səbəbiniz var?

- Türkiyəyə çox yaxşı təəssüratlarla qayıdıram. Burada mənəvi qazanclarım çox oldu, ölkənizə hər hansı bir səbəblə yenidən gəlmək mənim üçün çox xoş olacaq. Bakıya havanın nisbətən sərinlədiyi dövrdə - sentyabr ayında gəlmişdim. Aradakı fərqi görmək üçün ilk növbədə avqust ayında - isti və nəmin pik olduğu vaxtda Bakını görmək istəyirəm.

- Xoş söhbət üçün təşəkkür edir, İnönü Universitetinin kollektivinə Azərbaycan Universitetinin professor – müəllim heyəti adından salam və hörmətlərimizi göndəririk.

- Mən də təşəkkür edirəm.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
11.01.2017

DİGƏR XƏBƏRLƏR