XƏBƏRLƏR

“Xaricə oxumaq üçün gedən tələbələrimiz Qarabağ münaqişəsi haqqında tam məlumatlı olmalıdır”

“Xaricə oxumaq üçün gedən tələbələrimiz Qarabağ münaqişəsi haqqında tam məlumatlı olmalıdır”

04 mart 2020

Baxış sayı: 2991

Avopanın ən güclü təhsil mərkəzlərindən biri olan Almaniyadan vətənə yeni qayıdan tələbələrimizdən biri Hüriyə Səlimovadır. 2019/2020-ci tədris ilinin payız semestrini “Erasmus+” tələbə mübadilə proqramı ilə Koblenz Universitetində oxuyan Hüriyə xaricdə təhsil təcrübəsini oxucularımızla bölüşür.

Hüriyə Bakı şəhərində anadan olub. Xaricdə təhsil almaq istəyi orta məktəb illərində yaranıb və magistratura pilləsini xaricdə oxumağı qarşısına məqsəd qoyub. 2016-cı ildə Azərbaycan Universitetinə qəbul olması isə onu bu arzusuna daha tez çatdırıb. Bir semestrlik də olsa, xaricdə oxuyub təcrübə qazanmaq şansını dəyərləndirmək istəyib. Onun magistraturanı xarici ölkələrdən birində oxumaq fikri isə hələ də qüvvədə qalır.

Tələbəliyin ilk günlərindən başlayaraq ingilis dili səviyyəsini yüksəltmək və təkmilləşdirmək üçün əzmlə çalışıb. Erasmus tələbələrinin seçimi üçün tətbiq olunan bütün mərhələləri uğurla başa vurandan sonra sentyabr ayında Almaniyaya yola düşüb. Burada beynəlxalq tələbələrin dərsləri mühitə uyğunlaşa bilmələri üçün iki həftə daha tez başlayır. Buna görə də adaptasiyası çox da çətin olmayıb.

Hüriyə deyir ki, Erasmus tələbəsi olduğu üçün Azərbaycan və Koblenz universitetlərinə hər hansı ödəniş etməyib, proqram tərəfindən aylıq 850 avroluq təqaüdlə təmin olunub. Təqaüdün miqdarı onun yaşayış, qidalanma və digər xərclərini tam ödəyib, həmçinin Almaniyaya gediş-gəliş yol xərci ilə təmin olunub, Avropanın 10-a yaxın ölkəsini görmə imkanı əldə edib.

Ailəsindən uzaqda yaşamaq ona müstəqil qərarlar verməyi, çətin vəziyyətlərdən çıxış yolu tapmağı, büdcəsini idarə etməyi öyrədib. Fərqli mədəniyyətlərlə, adət-ənənələrlə necə deyərlər, qaynayıb-qarışıb: “Fərqli mədəniyyətləri və insanları tanımaq, öyrənmək və anlamaq, əvəzində isə öz xalqını, öz mədəniyyətini onlara təqdim etmək imkanı xaricdə təhsilin ən böyük üstünlüklərindəndir”.

Koblenz Universiteti haqqında danışan tələbəmiz deyir ki, burada növbəli təhsil yoxdur. İxtisas üçün tələb olunan dərslər çərçivəsində tələbə fənləri özü seçir, günün istənilən vaxtında həmin dərsdə iştirak edə bilir. Təcrübəli professorlar tərəfindən aparılan dərslərdə əsasən qrup işlərinə üstünlük verilir. Tədris olunan mövzular tələbələrin elektron poçtuna göndərilir, tələbələr mövzu ətrafında araşdırma aparmalıdırlar. Qruplarda tələbə sayı strandart deyil, sayı 8 də ola bilər, 30 da. Multikultural ünsiyyətin və dialoqun təşviqi üçün müxtəlif xalqların nümayəndələri olan tələbələrin eyni qrupda olmasına diqqət yetirilir. Tələbələrin icazə olmadan auditoriyadan çıxmasını, dərs zamanı yemək yeməsini və müəllimlərlə tələbələrin birlikdə əylənməsini mənfi hal kimi dəyərləndirir.

Xaricdə təhsil almaq arzusunda olan yaxud artıq dəvət almış tələbələrə tövsiyəsi Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətləri haqqında tam məlumatlı olmalarıdır. Qısa yaxud uzunmüddətli olsun, oxumağa getdiyimiz yerlərdə erməni tələbələr də olacaq. Məlumatlı olmaqla yanaşı müzakirə və debatlarda təmkinli olmaq da bizə üstünlük qazandıracaq və ölkəmizin haqlı mövqeyinin xarici tələbələrə çatdırılmasında böyük rol oynayacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
04.03.2020

DİGƏR XƏBƏRLƏR