XƏBƏRLƏR

“20 Yanvar- xalqın öz azadlığı uğrunda mübarizəsinin zirvəsi” mövzusunda dəyirmi masa keçirilib

“20 Yanvar- xalqın öz azadlığı uğrunda mübarizəsinin zirvəsi” mövzusunda dəyirmi masa keçirilib

18 yanvar 2022

Baxış sayı: 1512

Azərbaycan dili və ədəbiyyat kafedrasında  professor - müəllim heyətinin iştirakı ilə Azərbaycan xalqının həyatında mühüm rol oynamış  qanlı 20 yanvar hadisəsinin 32-ci  ildönümünə  həsr olunmuş “20 Yanvar - xalqın öz azadlığı uğrunda mübarizəsinin zirvəsi” mövzusunda dəyirmi masa  təşkil olunub.

Tədbiri giriş sözü ilə açan kafedra müdiri Ülviyyə Rəhimova 20 yanvar faciəsinin canlı şahidi olduğunu bildirib: “Şəhidləri torpağa tapşırmağa gedən izdihamın içində mən də var idim. Həmin gün hamı eyni əhvalda idi... Hamı eyni ağrı ilə yaşayırdı və kütlə sanki dönüb bir fərd olmuşdu. Hər zaman böyük xilaskar hesab edilən, gül-çiçəklə qarşılanan "Qızıl Ordu" qanlı qərənfillərlə dolu küçələrdə iz buraxmışdı. Biz həmin gün mədəni şok yaşadıq! Azərbaycan artıq kimin nə olduğunu anlamışdı! Mart soyqırımını törədən cəlladların qəbrinə gül-çiçək qoyan, şərəfinə silsilə poemalar qoşan manqurdlaşan beynimiz ayılmışdı! Bax bu, bizim həmin gün əldə etdiyimiz qələbə idi! Folknerin təbirincə desək, məğlubiyyətə uğramış xalqın uğur qazanmış beyni idi!”

Dəyirmi masada daha sonra professorlar Qorxmaz Quliyev və Asif Hacıyevin çıxışları dinlənilib. Professor Qorxmaz Quliyev qeyd edib ki, 20 Yanvar faciəsi matəm  deyil,  xalqın öz azadlığı uğrunda mübarizəsinin zirvəsi və qələbəsidir. Prof. Asif Hacıyev bildirib ki, baş vermiş faciələr hər bir xalqın özünü dərk etməsində mühüm rol oynayır.

Çıxışlarda qeyd olunub ki,   20 Yanvar faciəsinin qan izləri, göz yaşları, qanlı gecənin ilk harayı, ilk əks-sədası ədəbiyyatın ən operativ, mahiyyəti etibarilə hissiyyata köklənmiş janrı olan poeziyada öz əksini tapıb. Şəhidlərimiz hələ torpağa tapşırılmamış Xalq şairi Qabilin yazdığı “Mərsiyə” ədəbi prosesi təlatümə gətirib. Şairin ürək parçalayan misraları xalqın dərdinə, kədərinə, əhval-ruhiyyəsinə qarışıb. Qabilin harayına Məmməd Aslan “Ağla, qərənfil, ağla” şeiri ilə qoşulub. Vaxtında və zamanında yazılan bu şeir vaxtilə Natavanın ana fəryadı ilə yaratdığı  qərənfil obrazının bütövlükdə abidəsini ucaldıb. Bəxtiyar Vahabzadənin dörd aya yazdığı “Şəhidlər” poeması isə “20 Yanvar müsibəti”ni dastanlaşdırıb. Xalqımızın, millətimizin başına gətirilən qanlı faciənin geniş mənzərəsini, tablosunu ədəbiyyatımızda əbədiləşdirib.

O ağır, o qanlı günlərdə Nəbi Xəzri, Cabir Novruz, Xəlil Rza Ulutürk, Məmməd Araz, Sabir Rüstəmxanlı, Fikrət Qoca, Musa Yaqub, Musa Ələkbərli qələmindən süzülən göz yaşları dərdlərimizə ağı deyıb. Xalq şairi Zəlimxan Yaqubun,  Nəriman Həsənzadənin “Şəhidlər xiyabanı” adlı şeri müqəddəs yerdə - Şəhidlər Xiyabanında hər kəsi bir anlıq dayanmağa, düşünməyə və “Şəhidlər Xiyabanı” adlı bir dünyanın sakinlərinin taleyini dinləməyə səsləyib.

20 Yanvar, Güney Azərbaycan ədəbiyyatının da aparıcı mövzusuna çevrilib.

İctimaiyyətlə əlaqələr
18.01.2022

DİGƏR XƏBƏRLƏR