XƏBƏRLƏR

Azərbaycan Universitetinin 4 tələbəsi təhsilini xaricdə davam etdirir

Azərbaycan Universitetinin 4 tələbəsi təhsilini xaricdə davam etdirir

09 dekabr 2024

Baxış sayı: 155

Azərbaycan Universitetinin 4 tələbəsi 2024/2025-ci tədris ilinin payız semestrində təhsilini xarici tərəfdaş universitetlərdə davam etdirir. Elmar Umud, Aydan Nəsirova, Şaiq İsmayılov və Röya Məmmədova “Erasmus+” tələbə mübadilə proqramı çərçivəsində Almaniya, İtaliya və Polşanın ali təhsil müəssisələrində qısamüddətli təqaüdlü təhsil almaq hüququ əldə ediblər. 

Elmar Umud payız semestrini  Almaniyanın Koblenz Universitetində, Aydan Nəsirova İtaliyanın Sapienza Universitetində  oxuyur. Hər ikisi Biznes və iqtisadiyyat fakültəsinin Biznesin idarə edilməsi (ingilis bölməsi) ixtisası üzrə II kurs tələbəsidir.  Magistratura tələbələri Şaiq İsmayılov (Bank işi) Polşanın Krakow Universitetində, Röya Məmmədova (Dilşünaslıq) isə İtaliyanın Sapienza Universitetində təhsillərini davam etdirir. 

Onlar xaricdə təhsil barədə təəssüratlarını bölüşüblər: 

  • Şaiq İsmayılov
    Bank işi, magistratura, II kurs

“Hazırda təhsilimi Polşanın Krakov İqtisadiyyat Universitetində davam etdirirəm. Burada tələbələr üçün bütün şərait yaradılıb. Mən başqa bir məsələyə toxunmaq istəyirəm. Erasmus proqramı hazırda ən populyar mübadilə proqramıdır. Avropanın müxtəlif ölkələrindən gələn tələbələrə təkcə təhsil almaq deyil, fərqli mədəniyyətlərdən olan insanlarla ünsiyyət qurmaq, ingilis dilini təkmilləşdirmək, dünyagörüşünü zənginləşdirmək, fərqli dəyər və həyat tərzlərini tanımaq kimi alternativ imkanlar da təqdim edir. Düşünürəm ki, Erasmus bu baxımdan tələbələr üçün faydalı proqramdır. Ona görə də bütün tələbələri Erasmusa qoşulmağa dəvət edirəm...”

  • Röya Məmmədova
    Dilşünaslıq, magistratura, II kurs

“Hələ Bakıda ikən Sapienzanın qədimiliyi və Avropanın ən böyük universitetlərindən biri olması məni bu təcrübə üçün həvəsləndirirdi. Roma kimi qədim və əzəmətli şəhərdə yerləşməsi də ayrıca üstünlükdür. Mənə bu şansı yaratdığına görə Azərbaycan Universitetinin rəhbərliyinə və Beynəlxalq əlaqələr şöbəsinin bütün əməkdaşlarına, bu prosesdə mənə dəstək olan müəllimlərimə minnətdaram. 

Artıq 3 aydır ki, Romadayam. Əldə etdiyim fürsəti ən gözəl şəkildə dəyərləndirməyə çalışıram. Dilşünaslıq ixtisasının tələbəsi olaraq yeni mədəniyyətlərə və dillərə adaptasiya mənim üçün heç də çətin olmadı. Əksinə, çox böyük zövqlə fərqli mədəniyyətləri müşahidə edirəm. Müxtəlif dil daşıyıcılarının həyat tərzini və onların həyat tərzində dilin xüsusiyyətlərinin rolunu araşdırmaq üçün olduqca əlverişli mühit əldə etmişəm. Bu məni daha da sevindirir. 

Burada qarşılaşdığım mədəni müxtəlifliklərin məni inkişaf etdirəcəyinə, müsbət dəyişikliklər yaradacağına inanıram. İtaliyada əldə etdiyim hər bir bilik və təcrübə vətənimdə davam etdirəcəyim akademik həyatıma böyük töhfə verəcək. Burada qazandığım yeni əlaqələrin və dostluqların isə daimi olacağına ümid edirəm...”

  • Elmar Umud
    Biznesin idarə edilməsi (ingilis bölməsi), II kurs, bakalavriat 

“Almaniyada mübadilə proqramında iştirak etmək mənim üçün çox maraqlı və öyrədici bir təcrübədir. Burada dərslər praktiki yanaşma ilə keçir və müəllimlər tələbələrə fərdi inkişaf yönümlü dəstək də verirlər. Yeni mühitdə olmaq, müxtəlif mədəniyyətlərlə tanış olmaq və yeni dostlar qazanmaq imkanından səmərəli istifadə etməyə çalışır, bunu özümü inkişaf etdirmək üçün böyük fürsət olaraq görürəm...”  

  • Aydan Nəsirova
    Biznesin idarə edilməsi (ingilis bölməsi), II kurs, bakalavriat 

“Erasmus proqramı çərçivəsində İtaliyada, Romanın Sapienza Universitetində təhsil almaq mənim üçün unudulmaz bir təcrübədir.  Roma öz tarixi və mədəniyyəti ilə heyranedicidir. Burada insanların öz köklərinə və tarixlərinə olan hörməti, habelə onların səmimiyyəti mənə xalqımızın qonaqpərvərliyini xatırladır. 

Universitetdəki beynəlxalq mühit isə həyatımı zənginləşdirib. Müxtəlif ölkələrdən olan insanlarla ünsiyyət dil bacarıqlarımı inkişaf etdirir və dünyagörüşümü artırır. Bu təcrübənin gələcək karyeram üçün möhkəm bünövrə olacağına inanıram. 

Burada Azərbaycanın tanıdılmasına töhfə verəcək layihələrdə aktiv iştirak etməyə  səy göstərirəm. Həmçinin “8 Noyabr - Zəfər Günü" münasibətilə Azərbaycanın İtaliyadakı səfirliyində keçirilən tədbirdə iştirak etdim və ölkəmi təmsil etməkdən qürur duydum...”

Qeyd edək ki, xaricdə təqaüdlü təhsil ilə bağlı əlaqələndiricilik məsələləri Beynəlxalq Əlaqələr Şöbəsi tərəfindən həyata keçirilir. Tələbə mübadilə proqramları çərçivəsində xarici tərəfdaş universitetlərdə qısamüddətli təhsil almaq istəyən tələbələr daha ətraflı məlumat əldə etmək üçün Beynəlxalq Əlaqələr Şöbəsinə müraciət edə bilərlər. Mübadilə proqramında iştirak etmək istəyən tələbələr yüksək akademik göstəricilərə sahib olmalıdırlar.  

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR