XƏBƏRLƏR
Filologiya ixtisası üzrə magistratura təhsil proqramlarının yenilənməsi müzakirə olunub
Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasında filologiya ixtisası üzrə magistratura proqramlarının yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması mövzusunda görüş keçirilib. Görüşdə rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva, Humanitar və sosial elmlər fakültəsinin dekan müavini Günay İsmayılova, Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayeva, kafedranın professor-müəllim heyətindən filologiya elmləri doktorları, professorlar Azad Məmmədov və Asif Hacıyev, Bakı Slavyan Universitetinin Slavyan xalqları ədəbiyyatı üzrə professoru, filologiya elmləri doktoru Telman Cəfərov, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov və Azərbaycan Dillər Universitetinin İngilis dilinin fonetikası kafedrasının müəllimi və Azərbaycan Universitetinin məzunu Ülviyyə Zeynalova iştirak edib.
Rektorun müşaviri Nüşabə Quliyeva görüşü açılış nitqi ilə açaraq bildirib ki, önümüzdəki dönəmdə magistratura təhsil proqramlarının yenilənməsi nəzərdə tutulur. Yeni proqramlar beynəlxalq standartlara uyğun şəkildə, tələbəyönümlü yanaşma əsasında və əmək bazarının tələbləri nəzərə alınaraq hazırlanmalıdır. Bu təşəbbüs Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə həyata keçirilir və bu məqsədlə Azərbaycan Universitetində xüsusi işçi qrupu yaradılıb.
Ardınca Azərbaycan Universitetinin kafedra müdiri Gülnar Rzayeva proqramların təkmilləşdirilməsi istiqamətində fikir və təkliflərini bölüşüb. Gülnar Rzayeva vurğulayıb ki, magistratura proqramlarının aktuallığı və rəqabət qabiliyyəti əmək bazarının tələblərinə uyğunlaşdırılmalı, bu səbəbdən iş dünyasının nümayəndələrinin bu prosesdə aktiv iştirakı vacibdir.
Müzakirələrə qoşulan əmək bazarının nümayəndələri - Telman Cəfərov, Qalib Sayılov və Ülviyyə Zeynalova öz sahələrinin tələblərindən irəli gələn faydalı və tətbiq oluna bilən təkliflərlə çıxış ediblər.
Diskussiya şəraitində davam edən görüşdə proqramların strukturu və məzmunu ilə bağlı təkliflər nəzərdən keçirilib və ilkin razılaşmalar əldə olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi