XƏBƏRLƏR

Azərbaycan Universitetində Beynəlxalq ticarət və logistika ixtisası üzrə təhsil proqramının müzakirəsi keçirilib

Azərbaycan Universitetinin Biznes və İqtisadiyyat fakültəsinin təşəbbüsü, Maliyyə və mühasibat kafedrasının təşkilatçılığı ilə Beynəlxalq ticarət və logistika ixtisası üzrə bakalavriat səviyyəsində tətbiq olunan təhsil proqramının müzakirəsinə həsr olunmuş görüş təşkil olunub.

Görüşdə “ASR-Logistik” MMC-nin direktoru Tale Şahvələdov, Azərbaycan Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasova, Biznes və İqtisadiyyat fakültəsinin dekan müavini Nahid Almasov, Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi, həmçinin İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi Emil Mirzəyev iştirak ediblər.

Görüş zamanı müasir dövrdə beynəlxalq ticarət və logistika sahəsində ortaya çıxan tələblər və bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərin yiyələnməli olduqları kompetensiyalar ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, sahədə qarşılaşılan əsas çətinliklərdən biri analitik düşüncənin kifayət qədər inkişaf etməməsi və diqqətsizlikdir. Bu isə müqavilələrin hüquqi və funksional şərtlərinin düzgün qiymətləndirilməsi və dərin anlaşılması prosesində maneələr yaradır.

Müzakirələrin davamında vurğulanıb ki, bu sahədə uğurlu karyera qurmaq üçün idarəçilik və təşkilatçılıq bacarıqları, elektron yazışma və email savadlılığı, xarici dillərdə ünsiyyət bacarığı, eləcə də geosiyasi və coğrafi biliklər mühüm rol oynayır. Dünya ölkələri və beynəlxalq münasibətlərə dair geniş dünyagörüşü də bu sırada yer alır.

Görüş iştirakçıları əlavə olaraq qeyd ediblər ki, ixtisasartırma məqsədilə müxtəlif sertifikat proqramlarında iştirak etmək və beynəlxalq səviyyəli təlimlərə qatılmaq mütəxəssislərin peşəkar inkişafına ciddi töhfə verir. Tədbirin qonağı, “ASR-Logistik” MMC-nin direktoru Tale Şahvələdov gələcəkdə tələbələr üçün təlimlərin təşkili və universitetlə daha sıx əməkdaşlıq imkanlarının da nəzərdən keçirilə biləcəyini bildirib.

Görüş qarşılıqlı faydalı əməkdaşlığın qurulması və tələbələrin praktik biliklərinin artırılması baxımından məhsuldar müzakirələrlə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR