XƏBƏRLƏR

Azərbaycan Universiteti təkrar ali təhsil almaq istəyən şəxslər üçün sənəd qəbulu elan edir

Azərbaycan Universitetində təkrar ali təhsil almaq istəyənlərin nəzərinə!

Azərbaycan Universiteti təkrar ali təhsil almaq istəyən şəxslər üçün sənəd qəbulu elan edir. Əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə sənəd qəbulu prosesinə 26 may 2025-ci il tarixindən başlanılıb. Azərbaycan Universitetində təkrar ali təhsil almaq üçün müraciət etmək istəyənlər https://portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər. Portal vasitəsilə müraciətin cari statusunun izlənilməsi, müsahibə və imtahan mərhələlərinə dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür. Sənəd qəbulu 30 avqust 2025-ci il saat 18.00-da başa çatacaq.

Nəzərinizə çatdırırıq ki, “Əlavə təhsil haqqında” Əsasnaməyə uyğun olaraq, təkrar ali təhsil - əvvəl ali təhsil səviyyəsi üzrə təhsil almış şəxslərin yeni bir ixtisas üzrə yenidən ali təhsil almalarını təmin edən əlavə təhsil formasıdır.

Bu təhsil növü bakalavriat səviyyəsində mövcud olan baza təhsil proqramlarında nəzərdə tutulan ümumi və ixtisas fənləri bölmələrini əhatə edir. Tədris fərdi şəkildə, şəxsin əvvəlki təhsili ilə yeni ixtisas arasında olan fərqlər nəzərə alınmaqla həyata keçirilir.

Əgər tələbənin əvvəlki təhsilində keçdiyi fənlərin məzmunu yeni ixtisas üzrə nəzərdə tutulmuş fənlərlə uyğunluq təşkil edirsə, bu halda həmin fənlər üzrə cari və aralıq attestasiyadan azad olunma hüququ tətbiq edilir (bax: “Təhsilin məzmunu və qiymətləndirilməsi” üzrə normativ sənədlər).

Təhsili müvəffəqiyyətlə başa vuran şəxslərə, yeni ixtisas üzrə bakalavr peşə-ixtisas dərəcəsi və dövlət nümunəli diplom təqdim olunur.

Tədris forması və ixtisaslar

Azərbaycan Universitetində təkrar ali təhsil qiyabi və əyani təhsil forması üzrə (axşam və ya gündüz növbəsi, həftənin 6 günü olmaqla) aşağıdakı ixtisaslar üzrə təşkil olunur:

  • 6006016 – İnformasiya texnologiyaları (əyani/qiyabi)
  • 6004002 – Biznesin idarə edilməsi (əyani/qiyabi)
  • 6004006 – Marketinq (əyani/qiyabi)
  • 6004008 – Mühasibat (əyani/qiyabi)
  • 6008006 – Sosial iş (əyani/qiyabi)
  • 6008008 – Turizm işinin təşkili (əyani/qiyabi)
  • 6006017 – İnformasiya təhlükəsizliyi (əyani)
  • 6002004 – Dövlət və ictimai münasibətlər (əyani)

Təhsil haqqı və maliyyələşmə qaydaları

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, təkrar ali təhsil yalnız ödənişli əsaslarla və təhsilalanla və ya onun işlədiyi hüquqi şəxslə bağlanmış müqavilə əsasında həyata keçirilir. Təhsil haqqı məbləği aşağıdakı kimidir:

  • Azərbaycan vətəndaşları üçün: illik 2000 (iki min) manat;
  • Əcnəbilər üçün: illik 3400 (üç min dörd yüz) manat.

Ödənişlər birbaşa təhsilalan tərəfindən və ya təhsilalanın işəgötürəni (müəssisə, idarə və təşkilat) tərəfindən həyata keçirilə bilər. Bu, “Təhsil haqqında” Qanunun 14-cü maddəsinə və “Əlavə təhsil haqqında” Əsasnamənin 3.2.1-ci bəndinə uyğun olaraq həyata keçirilir.

Ətraflı məlumat üçün Tədris şöbəsinə müraciət edə bilərsiniz.

  • Tel.: (+99412) 431 41 12/13/16 (118), (+994) 50 268 38 40
  • E-poçt: office@au.edu.az


DİGƏR XƏBƏRLƏR