XƏBƏRLƏR
Tələbə Elmi Cəmiyyəti yeni qəbul olan tələbələrlə tanışlıq görüşü keçirib
Azərbaycan Universitetinin Humanitar və sosial elmlər fakültəsinin Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən birinci kurs tələbələri üçün “TEC nədir?” adlı infosessiya keçirilib. Tədbirdə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov açılış nitqi ilə çıxış edərək, universitetə yeni qəbul olan birinci kurs tələbələrini təbrik edib, elmi fəaliyyətin əhəmiyyətindən və universitet rəhbərliyinin Tələbə Elmi Cəmiyyətinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Ardınca Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Biznes və iqtisadiyyat fakültəsinin dekan müavini Nahid Almasov, Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınski çıxış edərək tələbələrə elmi fəaliyyətin əhəmiyyəti və Tələbə Elmi Cəmiyyətinin gənclərin inkişafındakı rolu barədə fikirlərini bölüşüblər.
Tədbirin davamında Humanitar və sosial elmlər fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Solmaz İlyaszadə və baş katibi Günay Dünyamalıyeva cəmiyyətin məqsəd və vəzifələri, ötən tədris ilində keçirilən tədbirlər və yeni tədris ili üçün planlaşdırılan layihələr barədə məlumat veriblər.
Tədbirdə, həmçinin Biznes və iqtisadiyyat fakültəsinin TEC sədri Aytən Aslanova və İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin TEC sədri Namet Nağıyev də çıxış ediblər.
Sessiya zamanı iştirakçılara TEC-in strukturu, fəaliyyət istiqamətləri və gənclərin elmi potensialının inkişafına verdiyi töhfələr təqdim olunub, tələbələrin sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi