XƏBƏRLƏR

Azərbaycan Universitetinin elmi hesabat iclası keçirilib: Hirş indeksi 24-ə çatıb

Azərbaycan Universitetinin elmi hesabat iclası keçirilib:  Hirş indeksi 24-ə çatıb

30 dekabr 2022

Baxış sayı: 8885

Azərbaycan Universitetinin 2022-ci il üzrə elmi fəaliyyətinin yekunlarına dair  hesabat iclası keçirilib. Elmi hesabatı universitetin Elm şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Lətifə Ağamalıyeva təqdim edib. Hesabat məruzəsi universitetdə keçirilmiş elmi tədbirlər, beynəlxalq və respublika səviyyəli konfransların hesabatı, “İpək yolu” elmi jurnalının fəaliyyəti, beynəlxalq elmi əməkdaşlıq, dərc edilmiş elmi işlər kimi mövzuları əhatə edib.

Hesabat məruzəsində qeyd olunub ki, başa çatmaqda olan 2022-ci il elmi fəaliyyət baxımından olduqca məhsuldar keçib və Azərbaycan Universitetinin elmi həyatında bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, Elsevier şirkətinin Scopus bazasının 2022-ci il üzrə “Scimago Institutions Rankings” hesabatı açıqlanıb. Hesabata görə Azərbaycan Universiteti elmi tədqiqat aktivliyi üzrə böyük uğura imza ataraq dünya reytinqinə daxil olub. Respublika üzrə ali təhsil müəssisələrindən yalnız dördünün daxil olduğu siyahıda 2-ci yerdə qərarlaşan  Azərbaycan Universiteti bu reytinq üzrə ən yüksək kateqoriya olan Q1 kateqoriyasına daxil olub.

Məruzədə həmçinin bildirilib ki, hesabat ilində Azərbaycan Universitetində 2 beynəlxalq və 1 respublika səviyyəli elmi konfrans keçirilib. Bütün konfransların materialları toplu şəklində dərc edilib və konfrans iştirakçılarına təqdim olunub. 

15 aprel 2022-ci il tarixində keçirilən Gənc tədqiqatçıların V respublika elmi konfransıda respublikanın bütün ali təhsil müəssisəsələrini, elmi-tədqiqat institutu və qurumlarını təmsil edən 130-dan çox məruzə dinlənilib. Pandemiya səbəbiylə 2020 və 2021-ci illərdə onlayn formatda təşkil olunan konfrans 2 illik fasilədən sonra ənənəvi formaya qayıdıb.

28 oktyabr 2022-ci il tarixində keçirilən “Azərbaycan xalqının etnogenezi və milli kimlik məsələsi” beynəlxalq konfransının plenar məruzəçiləri AMEA-nın həqiqi üzvləri, akademiklər Yaqub Mahmudov və Nizami Cəfərov olub.  Konfransda Azərbaycan xalqının etnogenezi tarix, dil, mədəniyyət kimi aspektlərdən təhlil olunub. 

“İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər” beynəlxalq konfransı isə Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti və Heydər Əliyev adına Hərbi İnstitut ilə birlikdə 25 noyabr 2022-ci il tarixində hibrid formada təşkil olunub. Konfrans, informasiya təhlükəsizliyinin geniş spektrində çalışan alim və mühəndislərə son elmi nəticələrini paylaşmaq və yeni elmi ideya və istiqamətləri müzakirə etmək üçün platforma olub. 

Azərbaycan Universitetinin elmi jurnalı “İpək yolu” 2022-ci ildə Index Copernicus bazasında qeydiyyata alınıb. Jurnalın 2022-ci ildə 4 nömrəsi nəşr edilib. Elmi jurnalın ikinci nömrəsi “İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyi”nə, üçüncü nömrəsi isə “Şuşa ili”nə həsr olunub. İkinci nömrədə İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyevin “Qərbi Azərbaycanın mühüm təhsil ocağı - İrəvan Müəllimlər Seminariyası” mövzusunda məqaləsi dərc edilib.

Hesabat məruzəsində 2 xüsusi nəşr də qeyd olunub. Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyevin “Qarabağ dəmir yolları” adlı məqaləsi Irs Heritage jurnalının 2022-ci il 51-ci sayında dərc olunub. İrs Heritage jurnalı 18 dildə çap olunaraq dünyanın 65-dən çox ölkəsində yayımlanan mötəbər nəşrdir. 

Azərbaycan Universitetinin əməkdaşları Tünzalə Verdiyeva, Aygün Muradlı və Nərgiz Hüseynovanın “Impact of the Covid-19 pandemic on the well - being of children with disabilities and their parents in Azerbaijan” adlı məqaləsi dünyanın nüfuzlu elmi nəşriyyatlatından biri olan Springer tərəfindən çap olunan kitaba daxil edilib. Layihə Fransanın Sorbon Universiteti tərəfindən həyata keçirilib.

Hesabat ilində universitetin əməkdaşları Tuscia University (İtaliya), Ton Duc Thang University (Vyetnam), University of South Africa (Cənubi Afrika Respublikası), University of Tabriz (İran), University of Victoria (Kanada), UNNE, FaCENA (Argentina),  China Agricultural University (Çin), Abdul Wali Khan Universiteti (Pakistan), Prince of Songkla University (Tayland), School of Basic and Applied Sciences (Hindistan), Aligarh Muslim University (Hindistan), Alexandria University (Misir), Fırat Universiteti (Türkiyə) kimi ali təhsil müəssisələrinin əməkdaşları ilə birgə elmi-tədqiqat işləri aparıb və nəticə olaraq birgə elmi məqalələr dərc etdiriblər. 

İl ərzində Azərbaycan Universiteti ilə ABŞ-ın Sent-Luis Vaşinqton Universiteti arasında əməkdaşlıq görüşləri keçirilib. Görüşlərdə Sent-Luis Vaşinqton Universitetini ilə birgə qrant layihəsinin hazırlanması haqqında müzakirələr aparılıb.

Azərbaycan Universiteti 10-12 sentyabr 2022-ci il tarixində Türkiyənin İzmir şəhərində keçirilmiş 2. Uluslararası “Artemis” Fen, Sosyal, Sağlık ve Spor Bilimleri Kongresinin həmtəşkilatçısı olub. Konfransda universitetin 4 əməkdaşı məruzə ilə çıxış edib. 

Azərbaycan Universiteti Türkiyənin Fırat Universitetində 20-21 may 2023-cü il tarixlərində keçiriləcək 7-ci beynəlxalq “Tətbiqi riyaziyyat və mühəndislik elmləri” (Computational Mathematics and Engineering Sciences – CMES-2023) konfransının həmtəşkilatçısıdır. Rektor Səadət Əliyeva və elmi işlər üzrə prorektor Yusif Qasımov beynəlxalq tədbirin fəxri və təşkilat komitələrində təmsil olunurlar.

Azərbaycan Universiteti həmçinin 7-9 yanvar 2023-cü il tarixində Türkiyənin İzmir şəhərində keçiriləcək “International Congress on Humanities and Social Sciences in a Changing World” konfransının həmtəşkilatçısıdır. Konfransda İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev “Şuşa şəhərində tarixi abidələrin bərpası” plenar məruzə ilə çıxış edəcək. 

Məruzədə hesabat ilində çap olunan monoqrafiya, dərslik, dərs vəsaitləri haqqında da məlumat verilib. Bildirilib ki, hesabat ilində universitet əməkdaşlarının Azərbaycanda nəşr olunan elmi jurnallarda 44, xaricdə nəşr olunan elmi jurnallarda 106,   indekslənən jurnallarda 97 məqaləsi çap olunub. Onlardan 40 məqalə ən yüsək Q1 kateqoriyalı, 27 məqalə Q2 kateqoriyalı, 10 məqalə Q3 kateqoriyalı, 1 məqalə Q4 kateqoriyalı, 15 məqalə ESCI kateqoriyalı və 4 məqalə Scopus bazasında olan jurnallarda çap edilib. Qeyd olunub ki, 16 tezis respublikada, 56 tezis isə xaricdə çap olunub. Monoqrafiyaların sayı 2, kitab və dərs vəsaitlərinin sayı 9, proqram və metodik vəsaitlərin sayı 37-dir. 

2022-ci ildə Azərbaycan Universiteti əməkdaşlarının indekslənən jurnallarda çap edilmiş məqalələrinə indekslənən jurnallarda 1285 istinad edilib. Bütün bunların nəticəsi kimi Universitetin Clavirate Analytics Agentliyinin Web of Science bazası əsasında müəyyən edilən Hirş İndeksi 2022-ci ildə 24-ə yüksəlib. 

Hesabat iclasında kafedralar üzrə elmi fəaliyyətin qiymətləndirilməsi üçün tərtib olunan bal cədvəli və universitetdə tətbiq edilən elmi-tədqiqat fəaliyyətinin qiymətləndirilməsi sisteminə əsasən ən çox bal toplamış kafedraların adları da açıqlanıb. Həmçinin qeyd olunub ki, Azərbaycan Universiteti rektorunun 05.02.2018-ci il tarixli “Əməkdaşların elmi tədqiqat fəaliyyətinə təşviq edilməsi haqqında” əmrinə əsasən indekslənən jurnallarda çap olunmuş məqalələrin müəllifləri mükafatlandırılıb.

İclasda universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımov elmi-tədqiqat işlərinin nəticələrini qiymətləndirib. Rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin müdiri Nüşabə Quliyeva elmi kadrların hazırlanması haqqında məlumat verib, universitet əməkdaşlarını 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, qarşıdan gələn 2023-cü il üçün xoş arzularını çatdırıb.

Sonda hesabat ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər dinlənilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi 


DİGƏR XƏBƏRLƏR