XƏBƏRLƏR

Bakıda Azərbaycan Universitetinin evsahibliyində beynəlxalq elmi konfrans keçirilir

Bakıda Azərbaycan Universitetinin evsahibliyində  beynəlxalq elmi konfrans keçirilir

24 noyabr 2023

Baxış sayı: 2588

Bakıda Azərbaycan Universiteti, Türkiyənin Sakarya Universiteti, ABŞ-ın Vaşinqton Universiteti və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Social Work & Social Research” (Sosial İş və Sosial Tədqiqat) beynəlxalq elmi konfransı işə başlayıb. Azərbaycan Universitetinin ev sahibliyində təşkil olunan ikigünlük konfransda böhran dövründə sosial iş təcrübəsi, sosial iş təhsilinin inkişafı, bu sahədə beynəlxalq standartların yaradılması, həssas qrupların sosial müdafiəsi və bu kimi digər məsələlər diqqət mərkəzində olacaq və fikir mübadiləsi aparılacaq.

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva tədbirdə açılış nitqi ilə çıxış edərək bildirib ki, konfransın mövzusu təsadüfi seçilməyib. Sosial işin təşkili sahəsində kadr hazırlığı və elmi tədqiqatın təşviqi rəhbərlik etdiyi ali təhsil müəssisəsi üçün prioritet istiqamətlərdən biridir. Digər tərəfdən isə son zamanlar mövcud münaqişə ocaqlarına yenilərinin əlavə olunması, o cümlədən ekoloji və təbii fəlakətlər dünyada ciddi sosial problemlərin mövcudluğunu və onların elmi nöqteyi-nəzərdən araşdırılmasının zəruriliyini ortaya qoyur. 

Rektor konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, yeni sosial-iqtisadi və siyasi şəraitdə əhali ilə sosial iş xüsusi əhəmiyyət kəsb edir. Getdikcə daha çox ölkə özünü əsas fəaliyyət parametrləri ilə sosial yönümlü olaraq qəbul edir. Azərbaycanda dayanıqlı və uğurlu dünya təcrübəsinə əsaslanan sosial siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Cənab prezident İlham Əliyev tərəfindən  dövlət səviyyəsində sosial siyasət sahəsinə xüsusi diqqət dəfələrlə elan edilib. Ölkədə həyata keçirilən böyük sosial layihələr, ölkə büdcəsinin əhəmiyyətli hissəsinin sosial sahəyə yönəldiməsi də bunu sübut edir. Bu istiqamətdə Azərbaycanın birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir.

Səadət Əliyeva əlavə edib ki, konfransın təşkili prosesində beynəlxalq elmi mühitin göstərdiyi diqqət onun mövzusunun doğru seçildiyini göstərir. Göstərilən marağı nəzərə alaraq universitetin elmi şurasının qərarı ilə növbəti il konfransın ikincisi təşkil olunacaq. Rektor əldə edilmiş nəticələrin bütün iştirakçılar üçün faydalı olacağına və təklif olunan tövsiyələrin praktiki fəaliyyətdə öz tətbiqini tapacaqlarına ümid etdiyini bildirib, konfrans iştirakçılarını bir il sonra keçirilməsi nəzərdə tutulan növbəti görüşə dəvət edib. 

Açılış mərasimində daha sonra ABŞ-ın Sent Luis Vaşinqton Universitetinin professoru Michael Sherraden, Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc, Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Nazgul Sagindykova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Qazaxıstan Senatının deputatı Akmaral Alnazarova, çıxış edən dövlət rəsmiləri və qonaqlar konfransı sosial siyasət və sosial iş sahəsindəki aktual məsələlərin müzakirəsində mühüm addım və platforma kimi qiymətləndiriblər.  

Açılışın ardından konfransın işi plenar iclas ilə davam edib. Bu gün üç plenar məruzə dinlənilib. ABŞ-ın Sent Luis Vaşinqton Universitetinin professoru Jin Huang “Maliyyə bacarıqları və aktivlərin inkişafı: sosial işçilər üçün təhsil və təcrübə”, Çinin Mərkəzi Maliyyə və İqtisadiyyat Universitetinin professoru Shu Fang “Çində maliyyə bacarıqları və sosial iş” və ABŞ-ın Sent Luis Vaşinqton Universitetinin müəllimi, Sosial İnkişaf Mərkəzinin həmdirektoru Lissa Johnson “ABŞ-da maliyyə bacarıqları və sosial iş” mövzularında məruzə ediblər. 

Konfransın plenar iclası və panel müzakirələri sabah da davam edəcək. İştirakçılar və qonaqlar növbəti plenar iclasda ABŞ-ın Vaşinqton Universitetinin professoru, Sosial İnkişaf Mərkəzinin təsisçisi və direktoru Michael Sherradenin “Sosial siyasət və sosial iş tədrisində maliyyə bacarıqları və aktivlərin inkişafı”, mərkəzin aparıcı  tədqiqatçısı Aytəkin Hüseynlinin “Neft-qazla zəngin ölkələrdə uşaq inkişaf hesabları: Azərbaycan və Qazaxıstan nümunəsi”, Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Nazgul Sagindykovanın “Qazaxıstanda uşaq inkişaf hesabları: Milli Uşaq Fondu”, İsrailin Maks Stern Yezreel Valley Kollecinin professoru Aviad Tur-Sinainin “İsraildə  uşaq inkişaf hesabları - unikallıq, uğurlar və problemlər” və  ABŞ-ın Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin beynəlxalq proqramlar direktoru Li Zounun “Hər kəs üçün uşaq hesabları: qlobal baxış və potensial” mövzularında məruzələrini dinləyə biləcəklər. 

Konfransın bu gün və sabah keçiriləcək 10 bölmə iclasında isə Sosial iş təhsili sahəsində səriştələrin, yeni bacarıqların və qlobal standartların yaradılması; Davamlı inkişaf və sosial iş təhsili; Sosial iş təhsilində rəqəmsallaşma və İKT; İctimai səhiyyə böhranı; Müharibədən zərərçəkənlər və hərbçilərlə sosial iş; Həssas qruplar və sosial müdafiə kimi mövzuların müzakirəsi planlaşdırılır. 

Konfransa dünyanın 32 ölkəsindən 156 məruzə qəbul edilib. Hibrid formada təşkil olunan konfransın işçi dili ingilis dilidir. 10-dan çox ölkədən konfransın mövzusu üzrə dünyanın ən tanınmış 40-a qədər alimi “in person” iştirakını təsdiq edib. Zoom platforması vasitəsilə isə 40-a yaxın ölkədən iştirakçı konfransın işinə qoşulacaq.  Konfransın plenar məruzəçiləri mövzu üzrə dünyanın ən tanınmış alimləridir.

Konfrans materialları Web of Science və Scopus bazalarında indekslənmək üçün təqdim ediləcək. 22-23 noyabr 2024-cü il tarixlərində ikinci “Social Work & Social Research konfransının keçirilməsi nəzərdə tutulur. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR