XƏBƏRLƏR
Gənc tədqiqatçıların VII respublika elmi konfransında 201 tezis dinlənilib
Bu gün Azərbaycan Universitetində Gənc tədqiqatçıların VII respublika elmi konfransı keçirilib. Tədbirdə gün ərzində informasiya-kommunikasiya texnologiyaları, humanitar elmlər, iqtisadiyyat, sosial elmlər və təbiət elmləri istiqamətlərində 36 ali təhsil müəssisəsi, elmi mərkəz, təşkilat və elmi-tədqiqat institutunu təmsil edən 201 tezis dinlənilib və müzakirə olunub.
Konfransın açılış mərasimində Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımov çıxış edərək Azərbaycan elmini gələcəkdə ən yaxşı şəkildə təmsil edəcək gənc tədqiqatçıların tədbirin işində iştirak etdiyini bildirib, konfransa təqdim olunan tədqiqat işləri haqqında məlumat verib.
Daha sonra Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika elmləri doktoru, professor Elçin Hüseynov, Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Oruc Qasımlının çıxışları dinlənilib. Çıxışlarda qeyd olunub ki, günümüzdə insan fəaliyyətinin elm, texnologiya və tədqiqatla bağlı sahələri daha çox inkişaf edir. Azərbaycan əsgərinin Vətən Müharibəsindəki qələbəsini şərtləndirən başlıca amil onun misilsiz cəsarətidir, digər yandan elm, texnologiya və innovasiyadan istifadə olunması da mühüm rol oynayıb. Artıq bir sıra hərbi məktəblərin dərsliklərinə əlavə olunan bu müharibə yeni hərbi texnologiyaların tətbiqi baxımından nümunəvi əməliyyatdır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan nəhəng bərpa və quruculuq işlərində, həyata keçirilən infrastruktur layihələrində də müasir texnologiyalardan geniş istifadə olunur.
Plenar iclasın ardından konfrans bölmə iclasları ilə davam edib. Tədbirin işi “Tarix və hüquq”, “Filologiya-1”, “Filologiya-2”, “İqtisadiyyat-1”, “İqtisadiyyat-2”, “Sosiologiya”, “Təbiət elmləri-1” və “Təbiət elmləri-2” olmaqla 8 bölmədə təşkil olunub.
Konfransın yekununda bölmə sədrlərinin hesabatı dinlənilib.
Qeyd edək ki, 2018-ci ildən başlayaraq hər il keçirilərək ənənəvi hal alan, akademik və elmi baxımdan olduqca zəngin olan konfransın məqsədi Azərbaycanın müxtəlif universitetlərində, müxtəlif pillələrdə təhsil alan gənc tədqiqatçılara öz elmi nəticələrini təqdim etmək üçün platforma təklif etməkdir.
Konfransa təqdim olunan tezislər toplu şəklində çap edilib və qeydiyyat zamanı iştirakçılara təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi