XƏBƏRLƏR

Azərbaycanda rus dili və iki mədəniyyətin sıx əlaqəsi haqqında – professor Asif Hacıyevlə müsahibə

Azərbaycanda rus dili və iki mədəniyyətin sıx əlaqəsi haqqında –  professor Asif Hacıyevlə müsahibə

17 noyabr 2020

Baxış sayı: 2698

Moskva Pedaqoji Dövlət Universitetinin (MPDU) Sosial-Humanitar Təhsil İnstitutunun Regionşünaslıq və Etnomədəni Təhsil fakültəsinin YUNESKO kafedrasının “Rus dünyası: müəllimin missiyası” maarifçi layihəsinin davamı olaraq Azərbaycan Universitetinin professoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Asif Hacıyevdən müsahibə alınıb və Universitetin saytında və youtube kanalında təqdim edilib.

Rusiya “Etnosfera” Millətlərarası Təhsilə Yardım Mərkəzinin Baş direktoru, MPDU-nun Regionşünaslıq və Etnomədəni Təhsil fakültəsinin dekanı, tarix elmləri doktoru Yelena Omelçenko, MPDU-nun YUNESKO kafedrasının elmi rəhbəri dosent Yuri Qoryaçov, Rus dilinə Dəstək Beynəlxalq Cəmiyyətinin məsul katibi, MPDU Mədəniyyətşünaslıq kafedrasının dosenti  Anna Orlova tərəfindən aparılan müsahibəyə dair annotasiyada qeyd olunur ki, professor Asif Hacıyevin elmi maraq dairəsi – ədəbiyyat nəzəriyyəsi və tarixi, folklor və ədəbiyyatın poetikası, mifologiya və folklorşünaslıqdır, o uzun illərdir Moskvada fəaliyyət göstərən Rus dilinə dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin Koordinasiya Şurasının üzvüdür və fəal şəkildə Azərbaycanda rus dilində təhsil məsələləri ilə məşğul olur.

Görüşün əsas leytmotivi rus tarixi, mədəniyyəti, rus dili və ədəbiyyatı olmuşdur. Söhbətin digər maraqlı mövzuları isə, Azərbaycan və rus mədəniyyətlərinin qarşılıqlı əlaqələri, “rus” Azərbaycanının varlığı, burada rusdilli təhsil, Azərbaycan gənclərinin rus dilində və Rusiyada təhsilə maraq və motivasiyalarından ibarətdir. Professor Hacıyev öz müsahibəsində Azərbaycandakı tolerant ictimai-mədəni mühitdən danışaraq, ölkəmizdə bütün xalqların, o cümlədən rusların öz mədəniyyətini inkişaf etdirmək, ana dilində təhsil almaq imkanına malik olduğunu, respublikamızda bir çox rusdilli məktəbəqədər, orta və ali təhsil müəssisələrinin, mədəniyyət ocaqlarının, dini məbədlərin, rus tarixi, mədəniyyəti ilə bağlı müxtəlif guşələrin, muzeylərin, Rus Dövlət Dram Teatrının, mətbuat orqanlarının mövcud olduğunu və sərbəst fəaliyyət göstərdiyini, bir çox küçələrin rus mədəniyyət xadimlərinin adını daşıdığını vurğulamışdır. Müsahibədə qeyd olunmuşdur ki, bütün bu rusdilli təhsil və mədəniyyət ocaqları dövlət tərəfindən himayə edilir və maliyyələşdirilir.

Asif Hacıyevlə müsahibədə gənclərin mədəniyyəti, bunun yeni təzahürləri, ədəbi submədəniyyətlər və ünsiyyət formaları barədə müşahidələr  və düşüncələr də xüsusi yer tutmuşdur. Rusiyalı həmkarlarının sualına cavab olaraq, professor Asif Hacıyev rus ədəbiyyatında Qurani-Kərim mövzusunda Azərbaycanda və Türkiyədə dərc olunmuş kitabı barədə məlumat vermiş, islamın barış, sülh, humanist ideallar, maarifçilik dini olduğunu və görkəmli rus ədiblərinin məhz bu dəyərlərə görə müsəlmanlara və islam dininə yüksək dəyər verdiyini qeyd etmişdir.  

Rusiyalı mütəxəssislər professor Hacıyevin hazırda araşdırdığı və Rusiyada dərc olunmuş dərsliyində ilk dəfə geniş təhlil olunmuş məsələ - rus dilində şəbəkə ədəbiyyatı fenomeni ilə bağlı mülahizələrini də dinləmiş və bu məsələ ilə Azərbaycan və rusiyalı tələbələri tanış etdiyini minnətdarlıqla vurğulamışlar. Həmsöhbətlərinin müasir Bakı haqqında sualına professor Asif Hacıyev bu ecazkar şəhərin çoxdilli, çoxdinli, çoxmədəniyyətli, Şərq və Qərbi birləşdirən, tarixi keçmişi və müasirliyi üzvi şəkildə birləşdirən unikal bir məkan olduğunu söyləmiş, bu şəhərin bir çox rus şair və yazıçıları tərəfindən məhəbbətlə vəsf edildiyini qeyd etmişdir.  Müsahibənin sonunda həmkarlarının istəyinə uyğun olaraq,  Asif Hacıyev  Azərbaycan ədəbiyyatı ilə tanış olmaq istəyən rusiyalı tələbələrə “Kitabi-Dədə Qorqud” eposunu (V.V.Bartoldun tərcüməsində), İsmayıl Şıxlının “Dəli Kür” və Anarın “Beşmərtəbəli evin altıncı mıərtəbəsi” romanlarını məsləhət görmüşdür.

О русском языке и тесной связи двух культур в Азербайджане – в интервью с профессором Асифом Гаджиевым //
http://mpgu.su/novosti/o-russkom-jazyke-i-tesnoj-svjazi-dvuh-kultur-v-azerbajdzhane-v-intervju-s-professorom-asifom-gadzhievym/

İctimaiyyətlə əlaqələr şöbəsi
17.11.2020

DİGƏR XƏBƏRLƏR