XƏBƏRLƏR

Türkiyədə Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə beynəlxalq simpozium keçiriləcək

Türkiyədə Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə beynəlxalq simpozium keçiriləcək

18 iyun 2019

Baxış sayı: 3672

Türkiyədə Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə növbəti beynəlxalq tədbir keçiriləcək. Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Təsəvvüf Araşdırmaları Beynəlxalq Simpoziumu: Nəsimi-650” tədbirinin digər həmtəşkilatçıları Azərbaycan Respublikası Təhsil Cəmiyyəti və Türkiyənin Nevşehir Hacı Bektaş Veli Universitetidir. Simpozium sentyabrın 9-dan 11-dək Türkiyənin məşhur turizm mərkəzlərindən Kapadokiyada keçiriləcək.

Tədbir Azərbaycan Universitetində tədqiqatyönümlü ali təhsil müəssisəsi statusuna nail olunması və universitetin beynəlxalq elmi nüfuzunun artırılması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq, eyni zamanda prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar universitetin tədbirlər planına uyğun olaraq təşkil olunur.

Simpozium Türk dünyasında təsəvvüf fəlsəfəsi, təsəvvüfün tarixi, klassik ədəbi dil və bədii ədəbiyyatın inkişafında təsəvvüf şairlərinin yeri və rolunun müəyyənləşdirilməsi, ümumtürk elm aləmində təsəvvüf ədəbiyyatı ilə bağlı araşdırmalar aparan elm adamlarını bir yerə toplamaq, onların arasında elmi fikir mübadiləsini təmin etmək, yeni elmi tədqiqat və mübahisələrə zəmin yaratmaq, eyni zamanda təsəvvüflə bağlı elmi ədəbiyyatın keyfiyyətcə zənginləşməsini təmin etmək məqsədilə keçirilir. Dil, ədəbiyyat, tarix, mədəniyyət, fəlsəfə, təhsil sahələrində Türk dünyasını maraqlandıran aktual məsələlərin müzakirə edilməsi, yeni elmi araşdırma istiqamətlərinin müəyyənləşdirilməsi, fikir mübadilələrinin aparılması və gələcəkdə Türk xalqları arasında keçiriləcək müştərək layihələrə zəmin hazırlanması kimi  müxtəlif istiqamətdə işlərin aparılması da beynəlxalq tədbirin məqsədləri sırasındadır.

Simpozium ümumtürk mədəniyyətinin mühüm hissələrindən biri olan təsəvvüf fəlsəfəsini və onun ədəbiyyatda təzahürünü müasir baxış bucağından təhlil olunmasını, beləliklə də, türk xalqlarını birləşdirən mühüm məqamların üzə çıxarılmasını nəzərdə tutur. Tədbirdə Türk xalqlarının tarixi və müasir ədəbi ənənələri ilə bağlı müxtəlif fikir və tədqiqatları önə çəkmək planlaşdırılır.

Simpozium müddətində elmi tədbirlərlə yanaşı, mədəni tədbirlərin, gəzintilərin təşkil edilməsi bu coğrafiyanın tarixi və mədəniyyəti ilə tanışlıq üçün olduqca vacib amillərdəndir. Bu, gələcəkdə müxtəlif coğrafi ərazilərdə yaşayan Türk xalqlarının bir-biri ilə əlaqələrinin və əməkdaşlıqlarının gücləndirilməsini təmin edəcəkdir.

Mühüm tarixlər

  • Məqalələrin göndərilmə tarixləri: 15 iyun 2019- 25 iyul 2019
  • Qəbul olunan məqalələrin elan edilmə tarixi: 02 avqust 2019
  • Qeydiyyat üçün son tarix: 15 avqust 2019 (burada ödəniş edərək qeydiyyatdan keçmək nəzərdə tutulur)
  • Simpoziumda iştirak üçün ödəniş: 600 AZN (buraya bütün xərclər daxildir)
  • Simpoziumun tarixi: 09-11 sentyabr 2019-cu il

* Simpoziumda iştirak və çap hüququ qazanan məqalələrin müəllifləri elektron poçt ünvanı vasitəsilə məlumatlandırılacaqlar.

Müraciət şərtləri

  • Simpoziumda iştirak etmək istəyənlər məqalənin tam mətnini göndərməlidirlər. Son göndərilmə tarixi 25 iyul 2019-cu ildir. Göstərilən tarixdən sonra göndərilən məqalələr qəbul edilməyəcəkdir.
  • Simpoziumun dili Azərbaycan, türk, rus, ingilis dilləridir. Başqa dillərdə göndərilən məqalələr qəbul edilmir. Məqalələr hazırlanarkən göstərilən qaydalara əməl olunmalıdır.
  • Bir məruzəçi ancaq bir məqalə göndərmək hüququna malikdir. Müəlliflərinin sayı ikidən artıq olan məqalələr qəbul edilmir.
  • Müəlliflər özləri haqqında məlumatlarla (ad, soyad, ata adı, oxuduğu və ya çalışdığı müəssisə, e-mail ünvanı) bərabər, məqalələrin tam mətnini tahsilngo@gmail.com və ya shahmemmedlit@mail.ru ünvanlarına göndərə bilərlər. Məqalələrin göndərilməsində yaranacaq problemlərə görə məsuliyyət müəlliflərə aiddir.
  • Məruzələr müəlliflər tərəfindən təqdim edilməyəcəyi təqdirdə, sertifikat verilməyəcək. Məruzələrin mətninə görə məsuliyyət müəlliflərin üzərinə düşür.

Məqələlərin tərtibi

  • Məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində, Word formatında, Times New Roman, 14 şriftlə, 1,5 intervalla ən çoxu 6-8 səhifə həcmində hazırlanmalıdır.
  • Məqalənin başlığı yazıldığı dildə və ən çoxu 8 sözdən ibarət olmalıdır. Məqalənin adının altında, sağ tərəfdə müəllifin şəxsi məlumatları 11 şriftlə, kursivlə göstərilməlidir.
  • Məqalənin əvvəlində yazıldığı dildə, sonunda rus və ingilis dillərində xülasə verilməlidir. Açar sözlər üç dildə xülasədən sonra qoyulmalıdır. Xülasə 150-200 söz arasında ola bilər.
  • Məqalədə istifadə edilə biləcək hər hansı bir şəkil və s. səhifə sayına daxildir.
  • Məqalələr ən gec 25 iyul, 2019-cu il tarixə qədər tahsilngo@gmail.com və ya shahmemmedlit@mail.ru ünvanlarına göndərilməlidir.
  • Simpoziumda çıxış etmək və nəşr edilmək üçün qəbul olunan məruzələr Təşkilat Komitəsi tərəfindən tam mətnin qiymətləndirilməsindən sonra həyata keçiriləcəkdir.

Simpoziumunda iştirak etmək üçün aşağıda qeyd olunan linkə daxil olaraqqeydiyyatdan keçə bilərsiniz. 

http://tahsilngo.com/qeydiyyat.html

Sahənin tədqiqatçı və alimlərini tədbirdə iştiraka, elmi nəticələrini təqdim etməyə dəvət edir, simpoziumun işinə uğurlar arzulayırıq.

İctimaiyyətlə əlaqələr şöbəsi
18.06.2019

DİGƏR XƏBƏRLƏR