XƏBƏRLƏR
Azərbaycan Universitetinin tələbələri üçün muzeylərdə təcrübi dərs təşkil olunub
Azərbaycan Universitetinin “Azərbaycanın yeni və ən yeni tarixi”, “Azərbaycanın qədim və orta əsrlər tarixi” ixtisaslaşmalarında təhsil alan magistratura tələbələri üçün Siyasi Repressiya Qurbanları Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Hacı Zeynalabdin Tağıyevin ev muzeyində təcrübi dərsi təşkil olunub. Təcrübi dərs Siyasi və ictimai elmlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Səbinə Məmmədlinin tədris etdiyi “Sovet işğal rejiminə qarşı mübarizə” fənni çərçivəsində, o cümlədən tələbələrin ixtisaslarına uyğun olaraq təşkil olunub.
Siyasi Repressiya Qurbanları Muzeyində tələbələrə SSRİ-nin repressiv siyasəti, repressiya qurbanı olmuş dövlət xadimləri, ziyalılar, hərbçilər, Azərbaycan ədəbiyyatının nümayəndələri, Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə təhsil almaq üçün göndərilən gənclərin ağır taleyi, repressiyalarla bağlı vacib sənədlər haqqında geniş məlumat verilib. Qeyd edilib ki, muzeyin binasında vaxtilə SSRİ-nin əsas repressiv orqanları, Fövqəladə Komissiya, Daxili İşlər Xalq Komissarlığı və Dövlət Təhlükəsizlik Komitəsi fəaliyyət göstərib. Binanın zirzəmisində saxlama kameraları, istintaq otaqları, ölüm cəzasına məhkum edilənlərin güllələndiyi yerlər mövcud olub.
Tələbələr Milli Azərbaycan Tarixi Muzeyində həm tarixin müxtəlif dövrlərinə aid eksponatlarla, həm də Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə tanış olublar.
Tələbələr Səbinə Məmmədlinin rəhbərliyində təcrübi dərslərin davamı olaraq orta əsr abidəsi olan Şirvanşahlar sarayında olublar. Burada tələbələrə sarayın əsas abidə və tikililəri, saray həyatı və mədəniyyətini əks etdirən eksponatlar haqqında məlumat verilib. Onlar üzərində müxtəlif təsvirlər, fars və ərəb dilli yazılar olan Bayıl daşlarını incələyərək müzakirə ediblər.
Təcrübi dərs İçərişəhərdə yerləşən Miniatür Kitab Muzeyinin ziyarət olunması ilə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi