XƏBƏRLƏR
Azərbaycan Universitetində “MilliSec” kibertəhlükəsizlik şirkətinin nümayəndəsi ilə görüş keçirilib
Azərbaycan Universitetində iş dünyasının nümayəndələri ilə görüşlər davam edir. Növbəti belə görüş “MilliSec” kibertəhlükəsizlik şirkətinin Biznesin və Beynəlxalq Əlaqələrin İnkişafı Şöbəsinin direktoru Əfsanə Mustafazadə ilə olub. Görüşdə Azərbaycan Universitetindən Tədris şöbəsinin müdiri Leyla Ağamalıyeva, İnsan resursları şöbəsinin müdiri Kamran Rzayev və İnformasiya-kommunikasiya texnologiyaları (İKT) fakültəsinin dekanı Asif Paşayev iştirak edib.
Tədbirdə Tədris şöbəsinin müdiri Leyla Ağamalıyeva Azərbaycan Universitetinin iş dünyası ilə əməkdaşlığa hər zaman əhəmiyyət verdiyini qeyd edib. İKT fakültəsinin dekanı Asif Paşayev universitetdə İnformasiya təhlükəsizliyi və Kibertəhlükəsizlik ixtisasları üzrə bakalavriat və magistratura səviyyələrində kadr hazırlığı aparıldığını bildirib, mövcud infrastruktur və tədris proqramları haqqında məlumat verib. Dekan əlavə edib ki, universitet Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) ilə əməkdaşlıq edir, iş dünyası və dövlət qurumları ilə əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi universitetin öncəlikləri arasındadır. Karyera inkişafı departamentinin direktoru Kamran Rzayev universitetdə keçirilən ənənəvi karyera sərgiləri haqqında danışıb və “MilliSec” şirkətini növbəti karyera sərgisində iştiraka dəvət edib.
“MilliSec” şirkətinin nümayəndəsi Əfsanə Mustafazadə kibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsinə xüsusi əhəmiyyət verdiklərini və bu məqsədlə ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiklərini vurğulayıb. Əfsanə Mustafazadə bildirib ki, şirkət tələbələrin nəzəri və praktiki biliklərini artırmaq, həmçinin onların real iş mühitinə inteqrasiyasını dəstəkləmək üçün müxtəlif təşəbbüslər irəli sürür və layihələr həyata keçirir.
Görüşdə tərəflər arasında tələbələr üçün istehsalat təcrübəsinin təşkili, təcrübədə fərqlənən tələbələrə iş imkanlarının yaradılması, universitetdə ustad dərsləri və infosessiyaların təşkili, birgə tədqiqatların aparılması, kibertəhlükəsizlik laboratoriyasının inkişafı və bu kimi əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Əməkdaşlığın kibertəhlükəsizlik sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsinə və sahənin inkişafına töhfə verəcəyi vurğulanıb və tərəflər arasında əməkdaşlıq haqqında memorandum və konkret sahələr üzrə əməkdaşlıq müqavilələrinin hazırlanması ilə bağlı ilkin müzakirələr aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi