XƏBƏRLƏR
Keyfiyyət təminatı şöbəsi yeni tədris ilinin ilk təlimini keçirib
Azərbaycan Universitetində Keyfiyyət təminatı şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə universitetin pedaqoji heyəti üçün “Təlim nəticələrinin reallaşdırılması fəaliyyətlərinin səmərəli qurulması” mövzusunda təlim keçirilib. Təlimdə iştirakçılar doktorant, Elm Tədris Akademiyasının direktoru, kurikulum vəsaiti müəllifi, beynəlxalq sertifikatlı təlimçi Samir Salayevin təqdimatını dinləyiblər. İnteraktiv formatda təşkil edilən təlimdə Azərbaycan Universitetinin 50-yə yaxın əməkdaşı iştirak edib.
Təlim zamanı Ali məktəb kurikulumu, təlim nəticələrinin (PTN və FTN) formalaşdırılması, təhsil proqramları ilə işləmə qaydaları, tədris qiymətləndirmə metodlarının seçilməsi, eləcə də sillabusların hazırlanmasında vacib məqamlar kimi mövzular müzakirə olunub. İştirakçılar təlim zamanı onları maraqlandıran mövzular üzrə suallar səsləndirib, praktik fəaliyyətdə qarşılaşdıqları çətinlikləri bölüşüb və fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda iştirakçılar təlimi və təlimçini “Bu mövzuda biliyin artırılması dərəcəsi”, “Təlimin məzmununun aydın və anlaşıqlı olması”, “Təlimin müddətinin bu mövzu üçün yetərli olması”, “Təlimçinin biliklərini asanlıqla ifadə etməsi”, “Təlimçinin qrupla qurduğu ünsiyyət və yanaşma tərzinin müsbət olması” meyarları üzrə qiymətləndiriblər. Təlim iştirakçılar tərəfindən tam müsbət rəy alıb.
İştirakçılar qiymətləndirmə ilə yanaşı, sorğu vasitəsilə təlim haqqında fikirlərini və təkliflərini də bölüşüb, gələcəkdə keçirilməsi arzu olunan təlim mövzularını qeyd ediblər. Toplanmış bütün təkliflərin Təlim-Tədris Mərkəzi tərəfindən təhlil edilərək 2025/2026-cı tədris ili üçün nəzərdə tutulan təlim planına daxil edilməsi planlaşdırılır.
İctimaiyyətlə əlaqələr şöbəsi