XƏBƏRLƏR
Azərbaycan Universitetinin kafedra müdiri COP29 tədbirində çıxış edib
Azərbaycan Universitetinin Riyaziyyat və informatika kafedrasının müdiri Rəşad Məstəliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl zonada keçirilən “StartUp-AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellektli startaplar) tədbirində “Green goals in science” (Elmdə yaşıl hədəflər) mövzusunda məruzə ilə çıxış edib.
Rəşad Məstəliyev çıxışında qeyd edib ki, hazırda bütün dünyanın diqqəti Azərbaycana yönəlib və COP29-un Bakıda keçirilməsi ölkənin artan nüfuzunun göstəricisidir. Kafedra müdiri bildirib ki, Azərbaycan Universitetinin bu il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elan etdiyi “Qarabağın dirçəlişi – ekolayihələr” adlı müsabiqə həm yerli həm də beynəlxalq səviyyədə mühüm əhəmiyyət kəsb edib. Həmçinin, Azərbaycan Universitetində tələbələrin startap fəaliyyətinin təşviqi də daim diqqət mərkəzində saxlanılır və İKT fakültəsinin tələbələri bu layihələrdə fəal iştirak edirlər.
Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşı İbrahim Nəsibov, Naxçıvan Dövlət Universitetinin rektor köməkçisi Hüseyn Rəsulzadə, “AgroChat” layihəsinin rəhbəri Şəhriyar Quliyevin də məruzələri dinlənilib. Çıxışlarda startap layihələrinin təqdim olunması, onların dövlət və özəl qurumları ilə koordinasiyalı əlaqələndirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə fəaliyyət planlarının hazırlanması təklif edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi