XƏBƏRLƏR
İKT fakültəsinin nümayəndə heyəti Cəbrayıl qəsəbəsinin şagirdlərinə təlim keçib
Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Riyaziyyat və informatika kafedrasının müdiri Rəşad Məstəliyev və fakültənin İnformasiya texnologiyaları ixtisası üzrə təhsil alan III kurs tələbəsi Vahab Poladzadə Biləsuvar rayonunda yerləşən 4 saylı Cəbrayıl qəsəbəsinin şagirdləri üçün təlim keçiblər.
İsmayıl Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbində Cəbrayıl rayonu üzrə gənclər və idman, təhsil sektorları və Azərbaycan Universiteti tərəfindən birgə təşkil olunan təlim “İnternet mediasında kibertəhlükəsizlik” mövzusuna həsr olunub.
Tədbiri Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Emil Məstəliyev açaraq şagirdlərə Azərbaycan Universiteti haqqında məlumat verib, mövzunun əhəmiyyətini vurğulayıb.
Təlimdə şagirdlərə internet medianın təhlükəsizliyi üçün əsas risklər, təhlükəsizlik strategiyaları və həllər, rəqəmsal hücumlar, fişinq hücumlarının müəyyənləşdirilməsinin yolları, internetin və kibertəhlükəsizliyin gələcəyi kimi mövzularda məlumat verilib. Mövzular praktik nümunələrlə izah olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi