Beynəlxalq münasibətlər

  • İxtisasın adı: Beynəlxalq münasibətlər
  • İxtisas qrupu: III
  • Fakültə: Humanitar və sosial elmlər
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 3000 AZN

Beynəlxalq münasibətlər dünyada baş verən siyasi proseslərin, dövlətlərarası əlaqələrin və qlobal problemlərin səbəb və nəticələrini öyrənən elm sahəsidir. İxtisas tələbələrə beynəlxalq siyasəti, diplomatiyanı və xarici siyasəti təhlil etməyi, beynəlxalq hüquq və təhlükəsizlik məsələlərini araşdırmağı, müxtəlif ölkələrin və regionların siyasi xüsusiyyətlərini müqayisə etməyi öyrədir.

Beynəlxalq münasibətlər ixtisasını seçən abituriyentlərdə analitik və tənqidi düşünmə, yazılı və şifahi ünsiyyət, araşdırma aparmaq bacarığının, o cümlədən, siyasi və qlobal proseslərə, xarici dillərə marağın olması üstünlükdür. 

Təhsil

Tələbələr beynəlxalq münasibətlər nəzəriyyəsi, diplomatiya və diplomatik protokol, xarici siyasət, beynəlxalq hüquq, geosiyasət, beynəlxalq təhlükəsizlik, beynəlxalq təşkilatlar və siyasi iqtisad kimi əsas istiqamətləri öyrənirlər. Təhsil prosesində regional araşdırmalar, beynəlxalq münaqişələr, insan hüquqları, enerji siyasəti, beynəlxalq ticarət və qlobal problemlər kimi mövzular da tədris olunur. 

Karyera imkanları

Məzunlar Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarında, diplomatik nümayəndəliklərdə, beynəlxalq və regional təşkilatlarda, analitik mərkəzlərdə, qeyri-hökumət təşkilatlarında, beynəlxalq layihələrdə və özəl şirkətlərdə çalışa bilərlər. Beynəlxalq əlaqələr, siyasi və ölkə risklərinin təhlili, beynəlxalq layihələrin idarə olunması, tədqiqat, analitika və strateji kommunikasiya məzunların fəaliyyət göstərə biləcəyi əsas istiqamətlərdəndir. Media və beynəlxalq məsələlər üzrə analitik fəaliyyət də bu ixtisas üzrə karyera istiqamətlərindən biri ola bilər.

İxtisasın gələcəyi

Beynəlxalq münasibətlərin gündəliyi artıq yalnız dövlətlərarası siyasi əlaqələrlə məhdudlaşmır. Süni intellekt, kibertəhlükəsizlik, enerji və ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi, miqrasiya, beynəlxalq ticarət və texnoloji rəqabət qlobal siyasətin mühüm məsələlərinə çevrilir. Bu dəyişikliklər beynəlxalq prosesləri müxtəlif istiqamətlərdən təhlil edə bilən mütəxəssislər üçün yeni fəaliyyət sahələri yaradır.

Süni intellekt böyük həcmdə məlumatın toplanması və təhlilində beynəlxalq münasibətlər üzrə mütəxəssislərin işini dəyişdirsə də, diplomatik danışıqlar, siyasi qərarların qiymətləndirilməsi, müxtəlif maraqlar arasında balansın qurulması və beynəlxalq münasibətlərdə insan amilinin nəzərə alınması xüsusi bilik və bacarıqlar tələb edir. Buna görə beynəlxalq münasibətlər üzrə mütəxəssisin gələcəkdə həm qlobal siyasəti, həm də texnoloji dəyişikliklərin beynəlxalq sistemə təsirini anlaması getdikcə daha əhəmiyyətli olacaq.

  • Beynəlxalq münasibətlər ixtisasının  Təhsil Proqramını BURADAN yükləyə bilərsiniz. 
  • Beynəlxalq münasibətlər ixtisasının Tədris Planını BURADAN görə bilərsiniz.