Tərcümə (İngilis dili)

  • İxtisasın adı: Tərcümə (İngilis dili)
  • İxtisas qrupu: III
  • Fakültə: Humanitar fənlər 
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 3000 AZN

Azərbaycan Universitetində Tərcümə (İngilis dili) ixtisasının tədrisi Xarici dillər kafedrası tərəfindən aparılır. Kafedranın tərkibi zəngin elmi-pedaqoji və praktiki təcrübəyə malik peşəkarlardan ibarətdir. Maddi-texniki baza və pedaqoji heyət ingilis dilini mükəmməl bilən, peşəkar tərcüməçilərin hazırlanması üçün səfərbər olunub.

Tərcümə ixtisasının tədrisində ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə vərdişlərinin yaradılması və inkişaf etdirilməsi; oxumaq, dinləmək, eşidib anlamaq bacarıqları ilə yanaşı, yazı vərdişlərinin formalaşdırılması və inkişaf etdirilməsi; sürətli oxu vərdişlərinin formalaşdırılması; bədii tərcümə, texniki tərcümə bacarıqlarının inkişaf etdirilməsi; qəzet-publisistik və bədii mətnlər üzərində işləmək bacarığının aşılanması; ingilis dilinin lüğət tərkibinin, regional variantlarının öyrənilməsi; tələbələrin lüğət ehtiyatının genişləndirilməsi; xarici dildə müzakirə aparma vərdişlərinin yaradılması; müxtəlif tipli mətnləri (bədii, publisistik) oxuyub anlamaq, tərcümə etmək və şifahi söyləmək qabiliyyətinin formalaşdırılması; söz və söz birləşmələri və deyimlərinin təhlil edilib öyrənilməsi; şifahi nitq vərdişlərinin möhkəmləndirilməsi; tərcümədə yaranan çətinliklərin aradan qaldırılması yollarının inkişaf etdirilməsi kimi məsələlərə xüsusi diqqət yetirilir.

İxtisas üzrə bakalavr hazırlığı mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir. Tədris prosesində həm də istehsalat təcrübəsi nəzərdə tutulur. Tələbələr müqavilə ilə müvafiq idarə və təşkilatlarda, xarici şirkətlərdə, Elmlər Akademiyasının institutlarında təcrübə keçirlər.

Bu ixtisas üzrə məzun olanlar tərcüməçi kimi dövlət orqanları, müxtəlif tipli yerli və beynəlxalq təşkilatlar, səfirliklər, xarici şirkətlər, ixtisas dərəcəsinə uyğun gələn müəssisə və təşkilatlarda və s. işləyə bilər, həmçinin təhsillərini ixtisas üzrə magistratura proqramlarında davam etdirə bilərlər.

Tərcümə (İngilis dili) ixtisasının tədris qarfikini BURADAN yükləyə bilərsiniz.